Zelenski Rusiya-Ukrayna müharibəsi başlayandan bəri azad edilən əsirlərin sayını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan məhbus mübadiləsi və əsirlərin azad olunması məsələsi ilə bağlı açıqlama verib.
Patrulaz.az “Ukrinform”a istinadla xəbər verir ki, Zelenski bildirib ki, genişmiqyaslı müharibənin başlanmasından bu günə qədər 5857 nəfər əsirlikdən sağ-salamat geri qaytarılıb, əlavə olaraq 555 nəfər isə mübadilə çərçivəsində azad edilib.
Bu barədə dövlət başçısı məhbusların azad edilməsi ilə məşğul olan qurumların nümayəndələri ilə keçirdiyi görüşdən sonra “Facebook” hesabında paylaşım edib.
Prezident görüş iştirakçılarına təşəkkür edərək, “ən kritik məsələləri müzakirə etdik – bütün insanlarımızın evə gətirilməsi və mübadilə prosesinin hazırkı mərhələsi. Biz bir gün belə dayanmırıq”, – deyə vurğulayıb.
Zelenski məhbus mübadiləsinin davam etdirilməsinin vacibliyini önə çəkib:
“Hər bir insan önəmlidir. Mübadilələrin mümkün olması üçün əlindən gələni edən hər kəsə və kömək edən hər kəsə minnətdaram. Həmçinin Ukrayna üçün ‘mübadilə fondunu’ dolduran döyüşçülərimizə təşəkkür edirəm”, – deyə o əlavə edib.






