Zelenskidən Trampla Putinin görüşünə REAKSİYA: "Müharibəyə son qoymağın vaxtıdır"
ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaskaya yola düşüb.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə ABŞ nümayəndə heyətində Dövlət katibi Rubio, Maliyyə naziri Bessent, Ticarət naziri Lutnik, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Ratkliff, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və Ağ Evin mətbuat katibi Leavitt yer alır.
Görüşdən əvvəl Tramp qətiyyətli açıqlamalar verərək, tərəflər arasında müsbət nəticələrin əldə edəcəyinə inandığını bildirib.
“Putin düşünür ki, Ukraynaya hücumlar danışıqlarda onu gücləndirir, amma əslində bu, ona zərər verir. Rusiya üçün ciddi nəticələr ola bilər. Mən buraya Ukrayna adından danışıqlar aparmaq üçün gəlməmişəm. Ərazi məsələsi müzakirə olunacaq, lakin son qərarı Ukrayna verəcək”, – ABŞ lideri vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Alyaska görüşündə Rusiyanın “aydın və başa düşülən” mövqeyini ortaya qoyacağını bildirib:
“Biz əvvəlcədən heç nə planlaşdırmırıq. Arqumentlərimiz hazırdır və Vitkoffun səfərləri zamanı bu istiqamətdə çox işlər görülüb. Ümid edirik ki, bu gün faydalı söhbəti davam etdirəcəyik”, – Lavrov deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də görüşlə bağlı açıqlama verərək, müharibəyə son qoymağın vaxtının gəlib çatdığını dilə gətirib.
“Əsas odur ki, bu görüş dürüst sülhə və liderlər arasında üçtərəfli formatda mənalı söhbətə aparan real yol imkanlarını açır”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin 24 fevral tarixində başlamış və bu müddət ərzində tərəflər masaya otursa da, həlledici nəticə əldə edilməmişdir.






