“Zərifə xanım adını fəxrlə çəkdiyimiz Azərbaycan qadınıdır”- DEPUTAT
“Azərbaycan qadını öz dərin zəkası və tükənməz daxili potensialı ilə daim xalqa və cəmiyyətə xidmət edib. Qadınlarımız dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib”.
Bu sözləri Patrulaz.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan qadını bütün dövrlərdə həm də sədaqəti və fədakarlığı ilə seçilib:
“Xalqımız həmişə qadına, onun cəmiyyətin inkişafında oynadığı rola, tutduğu yüksək mövqeyə hörmətlə yanaşıb. Çünki cəmiyyətin mahiyyətini, həm də qadına münasibət təşkil edir. Akademik, oftalmoloq alim Zərifə xanım Əliyeva da hər zaman adını fəxr və qürurla çəkdiyimiz Azərbaycan qadınıdır. Onun üçün həyat əsl mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi idi. Zərifə xanım hər zaman deyirdi ki, həkim özünü insanlardan ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır. Hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir. Hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək, həm xəstə, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir.
Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ hesab olunur. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Bu, Azərbaycan qadınının bütöv obrazıdır”.
Millət vəkili əlavə edib ki, Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir:
“Alimin birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan Zərifə xanım onlarla elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur.
Onu yaxından tanıyan hər bir kəs deyir ki, Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
“Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”,- Prezident İlham Əliyevin bu fikirləri Zərifə xanımın yüksək mənəvi keyfiyyətlərini daha dərindən qavramağa imkan verir. İntellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim Zərifə xanım Əliyeva hamının yaddaşında yüksək vətəndaşlıq, humanizm və saflığın mücəssəməsi kimi əbədi yaşayır”.
““Zərifə xanım nəciblik və mənəvi paklıq timsalı idi”- həmkarları onu belə xatırlayaraq, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayırlar. Akademik Zərifə xanım Əliyeva dəyərli Azərbaycan xanımı, ziyalı kimi gənc qadınlarımız üçün də nümunədir”, – deyə deputat qeyd edib.
Ləman Sərraf