1 Aprel: Böyük qırğın, yoxsa bayram?
Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Patrul.az Ümumdünya Gülüş günü haqqında maraqlı məlumatları təqdim edir.
Bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, – deyir.
Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, – deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında “Hiylə – aldatma” günü kimi qeyd olunur.
Tarixçilərin ən çox qəbul etdiyi versiyalardan biri XVI əsr Fransası ilə bağlıdır. O dövrdə yeni təqvim sistemi qəbul edilir və yeni ilin başlanğıcı martın sonu–aprelin əvvəlindən yanvarın 1-nə keçirilir. Lakin hamı bu dəyişiklikdən dərhal xəbərdar olmur və ya onu qəbul etmir. Köhnə tarixə uyğun olaraq aprelin əvvəlində bayram edən insanlar isə başqalarının zarafat obyektinə çevrilir və “aprel axmaqları” adlandırılır. Bu zarafatlar zamanla ənənəyə çevrilir və günümüzə qədər gəlib çatır .
Amma bu, yeganə izah deyil. Bəzi tədqiqatçılar “1 Aprel”in köklərini qədim Roma dövründə keçirilən “Hilaria” adlı şənlikdə görürlər. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.
Bu günün maraqlı tərəflərindən biri də müxtəlif ölkələrdə fərqli formalarda qeyd olunmasıdır. Məsələn, Fransada və bəzi Avropa ölkələrində insanlara gizlicə kağız balıq yapışdırmaq adəti var. Bu “aprel balığı” (poisson d’avril) sadəlövhlük və aldanma simvolu hesab olunur. Şotlandiyada isə bu gün bir vaxtlar iki gün davam edirdi və insanlar bir-birinə saxta tapşırıqlar verərək aldadırdılar.
1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Ləman Sərraf






