media-inshot_20250919_175906926

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı lokal antiterror tədbirlərinə başlayıb. Əməliyyat bir sutkadan az davam edib və nəticədə separatçı silahlılar təslim olublar. Bununla da bölgədə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunub. Bu gün isə həmin tarixi hadisədən iki il keçir.

Bununla ilə bağlı Patrulaz.az-a öz fikirlərini bölüşən hərbi jurnalist Anar Şuşalı əməliyyatın cəmi 23 saata başa çatmasının Azərbaycan Ordusunun həm peşəkarlığının, həm də qətiyyətli iradəsinin göstəricisi olduğunu bildirib:

“19 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri Qarabağ münaqişəsinin sonuncu səhifəsini çevirdi. Həmin gün yalnız hərbi əməliyyat günü deyil, həm də on illərdir davam edən işğalın və separatizmin kökündən ləğvi oldu.

2020-ci il Vətən müharibəsindən sonra bölgədə qalan qanunsuz erməni silahlı dəstələri və qondarma qurum Azərbaycan üçün ciddi təhlükə mənbəyi idi. Laçın yolundan silah-sursatın daşınması, diversiya cəhdləri və davamlı təxribatlar artıq dözümsüz vəziyyət yaratmışdı. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, nəticə əldə olunmadı.

Cəmi 23 saat davam edən əməliyyat ordumuzun yüksək peşəkarlığını və dəmir iradəsini nümayiş etdirdi. Qondarma “artsax ordusu” təslim oldu, bütün silah-sursat Azərbaycan ordusuna təhvil verildi. Bununla Qarabağda erməni silahlı birləşmələrinin varlığına birdəfəlik son qoyuldu. Bu əməliyyat həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində suveren ərazilərində təhlükəsizliyi təmin etməsinin bariz nümunəsi idi”.

A.Şuşalı Azərbaycan cəmiyyətində Qarabağ mövzusu artıq müharibə yox, inkişaf və quruculuq mərhələsinin əsas gündəmi kimi dəyərləndirildiyini də vurğulayıb:

“İndi, 2025-ci ildə həmin əməliyyatdan iki il keçir. Separatizm tamamilə ləğv olunub, Azərbaycan Konstitusiyası bütün ərazilərdə bərpa edilib. Böyük Qayıdış proqramı çərçivəsində kəndlər və şəhərlər dirçəlir, yollar, məktəblər, xəstəxanalar tikilir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər bölgələrdə yeni həyat başlayıb, insanlar öz doğma torpaqlarına dönür.  Azərbaycan cəmiyyətində Qarabağ mövzusu artıq bir müharibə məsələsi deyil, inkişaf və quruculuq gündəmidir.

19 sentyabr 2023 əməliyyatı, əslində, Azərbaycan dövlətçiliyinin iradə sınağı idi. Bu gün həmin əməliyyatın nəticələri göstərir ki, Azərbaycanın təhlükəsizlik strategiyası düzgün qurulub;

19 sentyabr 2023 – Qarabağ tarixində dönüş nöqtəsidir. İki ildən sonra həmin günün əhəmiyyətini daha aydın görürük. Bu, həm qələbə, həm də sülhün əsasını qoyan tarixi gündür. Azərbaycan tək qalib ölkə kimi deyil, qurucu dövlət kimi də yeni bir dövr yaşayır”.

Cəmilə Cəfərzadə 


Bənzər xəbərlər