2 manat köçürməyə 1 manat komissiya: Banklar etimadı niyə sarsıdır? - İQTİSADÇI DANIŞDI
Son dövrlərdə bank xidmətləri ilə bağlı artan narazılıqların əsas səbəblərindən biri də kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqlarıdır. Xüsusilə cüzi məbləğlərdə – məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur.
İstifadəçilər daha şəffaf və ədalətli xidmət şərtləri gözlədiyi halda, yüksək komissiyalar bank sektoruna olan etimadı sarsıda bilərmi?
Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevə müraciət edib.
O qeyd edib ki, bu tip komissiya siyasəti uzunmüddətli perspektivdə bank sektoruna olan etimadı zədələyə bilər:
“Xüsusilə də istifadəçi “ədalətlilik” və “şəffaflıq” baxımından uyğunsuzluq hiss edirsə. Məlumdur ki, kartdan-karta köçürmələrdə komissiya modeli adətən iki cür olur: faiz əsaslı (məsələn, 1–2%) və minimum sabit komissiya (məsələn, 1 AZN minimum). Odur ki, 2 AZN köçürmə üçün 1 AZN komissiya tutulması məhz “minimum fee” modelinin yan təsiridir. Bank üçün əməliyyat xərci (prosessinq, şəbəkə haqqı, risk, antifraud sistemləri və s.) sabit olduğuna görə minimum komissiya tətbiq olunur. Amma istifadəçi tərəfdən bu disproporsional görünür (50% xərc)”.

İqtisadçının sözlərinə görə, bu zaman etimadı zədələyən psixoloji və iqtisadi faktorlar var:
1. Qəbul edilən ədalət prinsipi pozulur – İstifadəçi faizlə yox, nəticə ilə düşünür: “2 manat göndərdim, yarısı getdi”.
2. Şəffaflıq problemi – Çox vaxt istifadəçi əməliyyatdan əvvəl real xərci görmür və ya tam anlamır.
3. Rəqəmsal gözləntilər dəyişir – İnsanlar beynəlxlaq elekton cüzdan və platformalarda ya çox aşağı, ya da sıfıra yaxın komissiyaları görür və müqayisə etməyə başlayır.
Nəticədə müştəri əvvəlcə narazaı qalır və sonra alternativ axtarır (nağd, rəqəmsal ödənişlər qeyri-formal transferlər). Bu, xüsusilə gənc və rəqəmsal istifadəçilər arasında daha sürətli baş verir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, banklar üçün əməliyyatların icrası müəyyən texnoloji və əməliyyat xərcləri tələb edir və komissiya siyasəti həmin xərclərin kompensasiyası baxımından vacib alət hesab olunur. Lakin müasir bankçılıq təcrübəsi göstərir ki, komissiya modelləri daha çevik və istifadəçi yönümlü olduqda həm müştəri məmnuniyyəti artır, həm də əməliyyatların ümumi həcmi genişlənir ki, bu da nəticə etibarilə bankların gəlirlərinə müsbət təsir göstərə bilər.
Əslində bu, sırf “komissiya yüksəkdir” problemi deyil – ədalət qavrayışı, rəqəmsal gözləntilər və alternativlərin artması məsələsidir”.
E.Quliyev əlavə edib ki, banklar etimadı qorumaq üçün 1-10 AZN arası köçürmələrdə daha aşağı və ya “0” komissiya tətbiqi və ya aylıq pulsuz limitlər (məsələn, ilk 10 transfer pulsuz) təklif edə bilərlər:
“Maliyyə sektorunda etimad amili strateji resurs hesab olunur. Bank xidmətləri yalnız texnoloji infrastruktur və maliyyə dayanıqlığı üzərində deyil, eyni zamanda istifadəçi məmnuniyyəti və şəffaflıq prinsipləri üzərində formalaşır. Əgər istifadəçilər xidmət haqlarının məntiqi əsaslandırmasını anlamır və ya onları ədalətli hesab etmirsə, bu vəziyyət uzunmüddətli perspektivdə bank sektoruna olan etimadın zəifləməsinə səbəb ola bilər. Xüsusilə rəqəmsal ödənişlərin geniş yayıldığı dövrdə istifadəçilərin alternativ maliyyə alətlərinə – o cümlədən rəqəmsal cüzdanlara və fintech həllərinə marağının artması da məhz xidmət şərtlərinin əlçatanlığı ilə sıx bağlıdır”.
Ləman Sərraf






