media-inshot_20260407_120407374

Elmi araşdırma ilan sancmalarına qarşı universal dərmanın hazırlanmasına ümid yaradıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər 20 il ərzində 200-dən çox dəfə zəhərli ilan sancmasına məruz qalan amerikalı Tim Friede üzərində aparılan tədqiqat nəticəsində mühüm nəticələr əldə ediblər.

Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına əsasən, hər il dünyada 80.000-100.000 insan ilan sancmaları nəticəsində həyatını itirir, təxminən 300.000 nəfər isə daimi əlilliklə üzləşir.

Araşdırmalar Kolumbiya Universiteti və Centivax biotexnologiya şirkətinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqat zamanı Tim Fridin qanından əldə olunan iki xüsusi antikorun zəhəri neytrallaşdıran maddə ilə birləşdirilməsi nəticəsində yeni antidot hazırlanıb.

Laboratoriya sınaqlarında bu antidot siçanlar üzərində 13 fərqli zəhərli ilan növünə qarşı 100 faiz effektivlik göstərib. Bildirilir ki, yeni preparat mövcud antidotlardan fərqli olaraq insan mənşəli olduğuna görə ağır allergik reaksiyalar riskini minimuma endirir.

Alimlər növbəti mərhələdə klinik sınaqlara başlamağı planlaşdırırlar. Mütəxəssislərin fikrincə, universal antidotun hazırlanması xüsusilə Afrika və Cənub-Şərqi Asiya kimi bölgələrdə hər il on minlərlə insanın həyatını xilas edə bilər.


Bənzər xəbərlər