2026-cı ildə ən şanslı bürclər hansılardır? -Astroloq AÇIQLADI
Astrologiyaya marağın artdığı bir dövrdə insanlar yeni ilin onlara nə vəd etdiyini daha çox öyrənməyə çalışır. Xüsusilə də 2026-cı ilin hansı bürclər üçün şanslı olacağı, uğurun daha çox hansı sahələrdə özünü göstərəcəyi astrologiya həvəskarlarının diqqət mərkəzindədir.
Bəs 2026-cı ildə hansı bürclər şanslı olacaq və onlar hansı sahələrdə uğur əldə edə bilərlər?
Bu barədə astroloq Nərmin Zeynalova Patrul.az-a açıqlamasında bildirib ki, astrologiyada şans və uğur planeti sayılan Yupiter hansı evə və bürcə təsir edirsə, həmin sahədə və bürcdə olan insanlar üçün uğur və fürsətlər artır:
“Şans və uğur planeti doğum xəritəmizdə Yupiterdir. Adətən Yupiter insanın doğum xəritəsində hansı evə düşürsə və hansı sahəyə toxunursa, həmin sahədə insanı uğur gözləyir, yəni insanın bəxti həmin mövzuda açılır. Bürclərə gəldikdə isə, Yupiter hazırda hansı bürcdən keçirsə, o bürcdə olan şəxslər daha şanslı olurlar. Digər bürclərin isə fərqli sahələrdə müəyyən şansları aktivləşir”.

Astroloqun sözlərinə görə,2026-cı ildə ilin ilk yarısında Xərçənglər, iyundan sonra isə Şirlər ən şanslı bürclər olacaq:
“İndi 2026-cı ilə daxil oluruq. Hazırda Yupiter Xərçəng bürcündədir, buna görə də Xərçənglər hal-hazırda ən şanslı bürclər hesab olunur. Bu vəziyyət iyun ayına qədər davam edəcək. İyunun 10-da Yupiter Şir bürcünə keçir və artıq 2026-cı ilin sonuna qədər, hətta 2027-ci ilin ilk yarısında ən şanslı bürclər Şirlər olacaq. Maddi məsələlərə gəldikdə isə, 2026-cı ilin birinci yarısında maddi cəhətdən ən uğurlu bürc Əkizlər olacaq. İyun ayından sonra isə bu şans Xərçənglərin tərəfində olacaq. Beləliklə, görürük ki, Xərçənglər ilin birinci yarısında ümumilikdə şanslı olacaqlar, ilin ikinci yarısında isə maddi baxımdan daha uğurlu dövr yaşayacaqlar. Buna görə də Xərçənglərin yerinə sevinməyə dəyər”.
Cəmilə Cəfərzadə






