""Telegram"da naməlum linklərə daxil olmayın, cihazlarınız ələ keçirilə bilər” - İKT mütəxəssisi
Son günlər sosial şəbəkələrdə, xüsusən də “Telegram” platformasında dələduzluq halları ciddi şəkildə artıb. İstifadəçilərə “Hi, şəkilləriniz…” tipli saxta mesajlar göndərilir və bu mesajlara əlavə olunmuş şübhəli keçidlər kiberhücum riski yaradır.
Bəs vətəndaşlar “Telegram” üzərindən başqa hansı əmalətlərlə kibethücuma məruz qaldıqlarını müəyyən edə bilərlər?
Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, “Hi, şəkilləriniz…” tipli mesajların əsas məqsədi istifadəçiləri çaşdıraraq onların şəxsi məlumatlarını ələ keçirməkdir:
“Son günlər “Telegram” üzərindən “Hi, şəkilləriniz…” tipli mesajlarla yayılan dələduzluq cəhdləri sosial mühəndislik hücumlarının klassik nümunəsidir. Burada məqsəd istifadəçiləri çaşdıraraq şübhəli keçidlərə yönləndirmək və onların şəxsi məlumatlarını, cihazlarını və ya maliyyə resurslarını ələ keçirməkdir.
İstifadəçilərə tövsiyəm budur ki, ilk növbədə bu cür naməlum mənbədən gələn keçidlərə heç vaxt daxil olmasınlar və faylları açmasınlar. Eyni zamanda, “Telegram” və digər sosial şəbəkələrdə yalnız tanıdıqları şəxslərdən gələn mesajlara reaksiya verməli, şübhəli profilləri dərhal bloklamalı və şikayət etməlidirlər”.
E. Abbasov əsas faktor kimi istifadəçilərin rəqəmsal təhlükəsizlik mədəniyyətini artırmalı olduqlarını vurğulayıb:
“Digər vacib addım isə texniki müdafiə tədbirləridir: iki mərhələli autentifikasiya aktiv edilməli, tətbiqlər yalnız rəsmi mağazalardan yüklənməli, cihazlarda müasir antivirus və təhlükəsizlik yeniləmələri daim işlək saxlanılmalıdır. İstifadəçilərin rəqəmsal təhlükəsizlik mədəniyyətini artırmaları bu tip hücumların qarşısını almaqda əsas faktorudur”.
Nəticə etibarilə, “Telegram” üzərindən yayılan bu tip saxta mesajlar sadəcə fərdi istifadəçilərə deyil, ümumilikdə cəmiyyətin kibertəhlükəsizliyinə də real təhdid yaradır. Rəqəmsal dövrdə hər bir istifadəçi şəxsi məlumatlarını qorumağın yalnız öz əlində olduğunu unutmamalıdır.
Cəmilə Cəfərzadə






