media-inshot_20250728_135743043

“Uşaqlıq keçər, amma izləri qalır” – bu deyim bəlkə də psixologiyanın ən acı, amma ən real ifadəsidir. Bəzən anlamadığımız bir qorxu, izah edə bilmədiyimiz narahatlıq, səbəbsiz qəzəb partlamaları və ya təkrarlanan münasibət uğursuzluqları… Bunların çoxu uşaqlıq dövrümüzdə yaşadığımız, amma dilləndirə bilmədiyimiz travmaların yetkinlik illərindəki əksi ola bilər. Psixoloqlar bunu “keçmişin indiki zamana təsiri” kimi dəyərləndirir.

Bəs uşaqlıq travmalarımız yetkinlik dövründə davranışlarımıza necə təsir edir?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Travma nədir?

media-inshot_20250728_134027005

Travma deyəndə yalnız zorakılıq və ya itkilər nəzərdə tutulmur. Valideynin duyğusal soyuqluğu, daim tənqid etmək, qorxuducu mühit, diqqət və qayğının yoxluğu kimi hallar da uşağın psixikasında iz buraxır. Hər bir uşağın daxili dünyası fərqli olduğu üçün eyni hadisə birində dərin izlər buraxa bilərkən, digərində fərqli nəticələr doğura bilər.

Yetkinlikdə necə təzahür edir?

media-inshot_20250728_134344123

Uşaqlıq travmaları yetkinlik dövründə müxtəlif formalarda ortaya çıxa bilər:

-İnsanlardan uzaq durmaq, özünü daim təhlükədə hiss etmək

-Özünə güvənsizlik, davamlı özünü sübut etmə ehtiyacı

-Həddindən artıq mülayimlik və ya aqressiya

-Hislərini ifadə etməkdə çətinlik

-Münasibətlərdə təkrarlanan toksik dövrlər: Məsələn, daim tərk edilmək qorxusu və ya özünü həmişə günahkar hiss etmək

Bu simptomların hər biri bir zamanlar təməldə formalaşan qorxu, qəzəb, rədd edilmə və ya dəyərsizlik hissinin yetkinlikdə bədənə və davranışa təsiridir.

Beyin travmanı necə yadda saxlayır?

media-inshot_20250728_134536863

Uşaqlıq dövründə travmatik hadisələr beyin inkişafını da formalaşdırır. Beynin streslə mübarizə sistemi – amigdala, hipokampus və prefrontal korteks – bu dövrdə formalaşmağa başladığı üçün travma zamanı ya həddindən artıq aktivləşir, ya da funksiyasını yetərincə yerinə yetirə bilmir. Bu da gələcəkdə duyğusal reaksiya və qərarvermədə çətinliklər yaradır.

İçimizdəki uşaq hələ danışmaq istəyir

media-inshot_20250728_135138348

Ən maraqlısı budur ki, illər keçsə belə, beyin həmin təcrübəni “tam bitmiş” hesab etmir. Bəzi hallarda sanki içimizdə bir uşaq kömək istəyir, amma biz onu görməməyə çalışırıq. Məhz buna görə psixoloqlar “daxili uşaqla tanış olmaq” metodunu tövsiyə edirlər.

Çıxış yolu varmı?

media-inshot_20250728_135306253

Bəli, var. İlk addım tanımaq və qəbul etməkdir. Öz davranışlarımızın səbəblərini araşdırmaq, hansı duyğuların hansı keçmiş hadisələrlə bağlı ola biləcəyini anlamaq – sağalmanın əsas hissəsidir. Peşəkar psixoloji dəstək, travma-terapiya, EMDR, dərin psixoloji analiz və ya sadəcə özünü ifadə etmə vasitələri (yazmaq, sənət, musiqi və s.) bu yolda işıq rolunu oynaya bilər.

Son olaraq, biz keçmişi dəyişə bilmərik. Amma keçmişin bu günümüzü idarə etməsinə son qoya bilərik. Travma, insanın böyüməsinə mane olan bir divar deyil, onu anlayaraq keçdiyimizdə, bizi daha dərin və zəngin edən bir təcrübədir. Çünki bəzən ən güclü insanlar, ən çətin uşaqlıqlardan çıxır.

Ləman Sərraf


Bənzər xəbərlər