"Səssizcə dinləyir və ötürür" - Ağıllı kolonkalar işlədənlərin NƏZƏRİNƏ!
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə “ağıllı ev” anlayışı insanların gündəlik həyatını daha rahat və funksional hala gətirsə də, bu sistemlərin təhlükəsizliyi ilə bağlı suallar da getdikcə aktuallaşır. Son vaxtlar xüsusilə Rusiyada ağıllı kolonka və digər IoT (internetə qoşulan cihazlar) vasitəsilə şəxsi məlumatların sızdırılması, istifadəçilərin izlənilməsi və hətta ev daxilində baş verənlərin uzaqdan dinlənilməsi ilə bağlı iddialar narahatlıq yaradıb.
Bəs doğrudanmı ağıllı kolonkalardan istifadə şəxsi həyatın təhlükəsizliyini risk altına qoyur və bu cihazlardan istifadə edərkən hansı məqamlar xüsusi diqqət tələb edir?
Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, ağıllı kolonkaların zəif qorunduğu hallarda hakerlər tərəfindən ələ keçirilməsi evdəki danışıqların dinlənilməsi və digər qoşulu cihazların idarə olunması riskini yaradır:
“Rusiya və digər ölkələrdə “ağıllı ev” cihazlarının casusluq alətinə çevrilməsi texniki baxımdan tamamilə mümkündür və bu, müasir hibrid təhdidlərin fərdi məkanlara sızan ən təhlükəli formasıdır. Ağıllı kolonkalar, daxili mikrofonları və daimi internet bağlantıları sayəsində hakerlər üçün “açıq qapı” rolunu oynaya bilər; çünki bu cihazlar proqram təminatındakı boşluqlar və ya zəif parollar vasitəsilə ələ keçirildikdə, cinayətkarlar evdəki danışıqları dinləyə, hətta qoşulmuş digər “ağıllı” cihazları (kameralar, qıfıllar) idarə edə bilərlər”.

Mütəxəssis qeyd edir ki, ağıllı kolonkalardan təhlükəsiz istifadə üçün mikrofonun söndürülməsi, güclü parolların tətbiqi və cihazların ayrıca şəbəkədə qorunması vacibdir:
“Ağıllı kolonkalardan istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün ilk növbədə cihazın mikrofonunu fiziki düymə ilə söndürmək və bulud yaddaşındakı səs qeydlərini mütəmadi olaraq təmizləmək lazımdır. Texniki müdafiə səngəri olaraq, marşrutlayıcıda (router) güclü parollar təyin edilməli, proqram təminatı (firmware) daim yenilənməli və mümkün olduqda “ağıllı” cihazlar üçün əsas şəbəkədən izolyasiya edilmiş ayrıca bir Wi-Fi zonası yaradılmalıdır. Vətəndaş məsuliyyəti baxımından yadda saxlamalıyıq ki, rəqəmsal rahatlıq hər zaman müəyyən dərəcədə məxfilik riski daşıyır, buna görə də informasiya gigiyenası qaydalarına əməl etmək bu texnoloji savaşda fərdi təhlükəsizliyin əsas şərtidir”.
Cəmilə Cəfərzadə






