Gizli şəkil çəkmək və ya səs yazısı qeyd etmək hansı hüquqi məsuliyyət daşıyır?
Son illərdə smartfonların hər kəsin cibində olması ilə gizli şəkildə şəkil və səs yazısı qeyd etmək halları artıb. İctimai yerlərdə, iş mühitində, hətta şəxsi münasibətlərdə belə insanların xəbəri olmadan çəkilən görüntülər və səsyazmalar tez-tez sosial şəbəkələrdə yayılır. Amma bu ani hərəkətin həm etik, həm də hüquqi baxımdan ciddi nəticələri var.
Patrulaz.az-ın araşdırmasına görə, etik baxımdan, gizli çəkiliş insanın şəxsi həyat toxunulmazlığını pozur. Birinin razılığı olmadan onun görüntüsünü və ya səsini qeyd etmək, həmin şəxsə hörmətsizlikdir. Bu, yalnız şəxsi məxfilik deyil, həm də qarşı tərəfin özünü güvəndə hiss etməsinə bir zərbədir.
Hüquqi tərəfdən isə məsələ daha sərtdir. Azərbaycan qanunvericiliyinə görə, şəxsi həyatın toxunulmazlığını pozan hərəkətlər, yəni razılıq olmadan foto, video və ya səs yazısıqeyd etmək cinayət məsuliyyəti daşıya bilər. Bu materialların yayılması isə ayrıca hüquqi məsuliyyət yaradır və cərimə, hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Qısası, hər nə qədər “sübut toplamaq” və ya “maraqlı anı çəkmək” cazibədar görünsə də, bir düyməyə basmadan öncə iki dəfə düşünmək lazımdır. Çünki gizli çəkiliş bəzən bir neçə saniyəlik maraq, amma uzunmüddətli peşmanlıq gətirə bilər.
Ləman Sərraf






