AAYDA-nın nəzarətində olan keçid niyə bu vəziyyətdədir? - VİDEO
Patrul.az redaksiyasına müraciət edən vətəndaş Binə Atçılıq Mərkəzinə gedən istiqamətdə, Heydər Əliyev prospekti üzərində yerləşən yerüstü piyada keçidinin uzun müddətdir təmizlənmədiyini bildirərək videogörüntülər göndərib.
İddia olunur ki, keçiddə toz, torpaq və müxtəlif tullantılar toplanaraq antisanitar vəziyyət yaradıb. Vətəndaşın sözlərinə görə, keçiddən hər gün yüzlərlə insan istifadə etsə də, əraziyə uzun müddətdir lazımi səviyyədə qulluq göstərilmir.
Məlum olduğu kimi, sözügedən yerüstü piyada keçidinin saxlanılması və təmizliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətinə daxildir. Bu isə sual yaradır: əgər keçidin təmizliyinə cavabdeh qurum AAYDA-dırsa, bəs niyə belə ərazilər mütəmadi olaraq təmizlənmir?
Patrul.az olaraq vətəndaşların piyada keçidlərini və digər ictimai məkanları məişət tullantıları ilə çirkləndirməsini qınayırıq. Lakin nəzərə almaq lazımdır ki, Bakı küləklər şəhəridir. Xüsusilə küləkli havalarda toz, qum, yarpaq və digər xırda tullantılar hava axını ilə yerüstü piyada keçidlərinə dolaraq burada toplanır. Bu isə vətəndaşların davranışından deyil, təbii amillərin təsiri nəticəsində yaranan vəziyyətdir.
Məhz buna görə də belə keçidlərin mütəmadi olaraq təmizlənməsi və baxımının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Vaxtında görülən təmizlik işləri həm antisanitar vəziyyətin qarşısını alar, həm də piyadaların daha rahat və təhlükəsiz hərəkətini təmin edər.
Ümid edirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələni diqqətdə saxlayacaq, sözügedən yerüstü piyada keçidində təmizlik işləri aparacaq və gələcəkdə bu kimi ərazilərin vaxtaşırı təmizlənməsini təmin edəcək.
Qeyd edək ki, hazıda yer alan məlumatlar və iddialar vətəndaş müraciətinə əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sevinc Yarməmmədova






