media-img-20260728-wa0091

Yay aylarında ölkənin turizm bölgələrində və paytaxtda günlük kirayə evlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşmanın bazarın təbii qanunauyğunluğu, yoxsa süni qiymət artımı olması isə tez-tez müzakirə olunur. Mövzu ilə bağlı iqtisadçı qiymətlərin formalaşmasına təsir edən əsas amilləri şərh edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, yay aylarında günlük kirayə evlərin qiymətlərinin artmasının bir neçə əsas səbəbi vardır:

“Bunlara tələbin artması, təklifin məhdudluğu və mövsümi amillər daxildir. Tətil mövsümündə ölkəyə gələn turistlərin sayının artması, eləcə də yerli əhalinin istirahət məqsədilə daha çox günlük kirayə mənzil seçməsi bazarda tələbi yüksəldir. Bazar iqtisadiyyatının qanunauyğunluqlarına əsasən, tələb artdıqca qiymətlərin yüksəlməsi təbii hal hesab olunur. Eyni zamanda, qısa müddətdə yeni kirayə mənzillərin bazara daxil olmaması səbəbindən artan tələbat mövcud təklif hesabına qarşılanır ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

media-img-20260706-wa0106

Professor qeyd edib ki, otellərdə olduğu kimi, günlük kirayə mənzillərin qiymətləri də ilin müxtəlif dövrlərində mövsümi tələbdən asılı olaraq dəyişir:

“Bununla yanaşı, bəzi hallarda qiymət artımı bazar amilləri ilə deyil, süni şəkildə formalaşdırıla bilər. Belə ki, ev sahibləri və ya vasitəçilər qiymətləri əvvəlcədən razılaşdıraraq eyni səviyyəyə qaldıra bilərlər. Bu halda artıq söhbət bazarın təbii fəaliyyətindən deyil, rəqabət qaydalarının pozulmasından gedir”.

Sonda Professor vurğulayıb ki, yay aylarında günlük kirayə qiymətlərinin artması artan tələb və mövsümi amillərlə izah olunursa, bu, bazarın təbii fəaliyyətinin nəticəsidir. Lakin qiymət artımı əvvəlcədən razılaşdırılaraq süni şəkildə formalaşdırılırsa və ya rəqabətə zidd davranışlar nəticəsində baş verirsə, bunu bazar mexanizminin təbii nəticəsi hesab etmək olmaz.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər