Politoloq: “Zelenskinin Londona səfəri Moskvaya verilən açıq siyasi mesajdır”
Böyük Britaniyada hökumət dəyişikliyindən sonra ilk yüksək səviyyəli xarici səfər baş tutacaq. Ukrayna Prezidenti Vladimir Zelenskinin yeni baş nazir Endi Börnhemlə görüşmək üçün Böyük Britaniyaya səfər edəcəyi açıqlanıb. Bu, yeni hökumət rəhbərinin vəzifəyə başlamasından sonra qəbul edəcəyi ilk xarici lider olacaq.
Bəs Zelenskinin bu səfəri nə vəd edir? Bu görüş Ukrayna-Böyük Britaniya münasibətlərinə və Avropanın təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?
Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Zelenskinin Böyük Britaniyaya səfəri ilk növbədə Londonun Ukrayna siyasətinin dəyişməyəcəyinə dair güclü siyasi mesaj kimi qiymətləndirilməlidir:
“Yeni baş nazirin vəzifəyə başladıqdan sonra qəbul etdiyi ilk xarici liderin məhz Zelenski olması təsadüfi seçim deyil. Bu addım Böyük Britaniyanın hakimiyyət dəyişikliyinə baxmayaraq, Kiyevə dəstəyinin davam edəcəyini nümayiş etdirmək məqsədi daşıyır. Məlumdur ki, Rusiya ilə müharibə başlayan andan etibarən Böyük Britaniya Ukraynanın ən mühüm tərəfdaşlarından biri olub. Hərbi yardım, ukraynalı hərbçilərin hazırlanması, kəşfiyyat məlumatlarının paylaşılması və Rusiyaya qarşı sanksiyalar siyasətində London aparıcı rol oynayıb. Buna görə də Böyük Britaniyada hökumətin dəyişməsi fonunda Kiyev üçün əsas sual yeni rəhbərliyin əvvəlki kursu davam etdirib-etdirməyəcəyi idi. Zelenskinin ilk rəsmi qonaq kimi qəbul edilməsi bu suala böyük ölçüdə müsbət cavab verir və siyasi varisliyin qorunduğunu göstərir”.

Politoloq qeyd edib ki, səfərin əsas nəticələrindən biri hərbi-texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsi ola bilər:
“London yeni ‘Stone Cloak’ elektron mübarizə sisteminin texnologiyasını Ukrayna ilə paylaşacağını açıqlayıb ki, bu da pilotsuz uçuş aparatlarının və digər hərbi sistemlərin effektivliyini artırmağa hesablanıb. Bu, Böyük Britaniyanın artıq təkcə silah göndərən deyil, həm də müdafiə texnologiyalarını paylaşan strateji tərəfdaş statusunu gücləndirir. Müharibənin hazırkı mərhələsində elektron mübarizə və dron texnologiyaları həlledici əhəmiyyət daşıdığı üçün bu istiqamətdə əməkdaşlıq Kiyev üçün xüsusi önəm kəsb edir”.
R. Bayramovun sözlərinə görə, səfər həm də mühüm siyasi simvolizm daşıyır:
“Digər mühüm məqam siyasi simvolizmdir. Endi Börnhem açıq şəkildə bildirib ki, Zelenskinin ilk qəbul edilən xarici lider olması ‘təsadüfi deyil’ və bununla Böyük Britaniyanın Ukraynanın yanında olduğunu göstərmək istəyir. Bu mesaj faktiki olaraq həm Kiyevə, həm də Moskvaya və Avropadakı digər müttəfiqlərə ünvanlanıb. London göstərmək istəyir ki, daxili siyasi dəyişikliklər ölkənin xarici siyasət prioritetlərini, xüsusilə Ukrayna məsələsində mövqeyini dəyişmir”.
Həmsöhbətimiz vurğulayıb ki, görüş Avropa təhlükəsizlik arxitekturası baxımından da xüsusi əhəmiyyət daşıyır:
“Bu görüş Avropa təhlükəsizlik arxitekturası baxımından da əhəmiyyətlidir. ABŞ-da siyasi dəyişikliklər və Vaşinqtonun gələcək siyasəti ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə Böyük Britaniya Avropada Ukraynanın əsas dayaqlarından biri kimi çıxış etməyə çalışır. Bu isə Londonun NATO daxilində və Avropanın təhlükəsizlik sistemində rolunu daha da gücləndirə bilər”.
Politoloq sonda əlavə edib ki, Zelenski üçün səfərin məqsədi yalnız yeni yardım paketinin əldə olunması ilə məhdudlaşmır:
“Zelenski üçün isə səfərin əsas məqsədi yalnız növbəti yardım paketini əldə etmək deyil. O, yeni hökumətlə şəxsi siyasi münasibətlər formalaşdırmağa, uzunmüddətli təhlükəsizlik təminatlarını möhkəmləndirməyə və müharibədən sonrakı bərpa prosesində Böyük Britaniyanın iştirakını genişləndirməyə çalışır. Müharibənin uzandığı şəraitdə Kiyev üçün davamlı siyasi dəstək isə ən azı hərbi yardım qədər vacibdir. Odur ki, Zelenskinin Böyük Britaniyaya səfəri konkret siyasi və hərbi nəticələr vəd edir deyə bilərik”.
Ləman Sərraf






