"Instagram" və "TikTok" profiliniz işə qəbulunuza mane ola bilər! - AÇIQLAMA
İş müsahibəsinə gedən bir çox namizəd yalnız CV-si və peşəkar bacarıqlarının qiymətləndiriləcəyini düşünür. Halbuki son illərdə bəzi işəgötürənlər namizədlərin “TikTok”, “instagram”, “Facebook” və şəxsi bloqlarını da araşdırır. Bəzən isə sosial şəbəkədəki paylaşımlar namizədin işə qəbul edilməməsinə səbəb ola bilir.
Bəs işəgötürənin namizədin şəxsi bloquna və ya “TikTok” hesabına baxaraq onu işə götürməməsi qanunvericilik baxımından nə dərəcədə əsaslıdır? Belə qərar hansı hallarda diskriminasiya hesab oluna bilər və namizəd öz hüquqlarını necə qoruya bilər?
Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, işəgötürənin açıq sosial media hesabına baxması qanunazidd deyil, lakin işə qəbuldan imtina qorunan əlamətlərə əsaslanarsa, bu, diskriminasiya hesab olunur:
“İşəgötürənin namizədin ictimaiyyətə açıq şəxsi bloqunu və ya sosial media hesablarını nəzərdən keçirməsi özlüyündə hüquqazidd hal deyil. Lakin işə qəbuldan imtina qərarının namizədin irqi, etnik mənsubiyyəti, dini, yaşı, cinsi, əlilliyi, siyasi baxışları və ya qanunvericiliklə qorunan digər əlamətləri ilə əlaqələndirilməsi birbaşa diskriminasiya təşkil edir. Digər hallar diskriminasiya deyil. Azərbaycan Respublikasının əmək qanunvericiliyi işə qəbul prosesində hər hansı qeyri-obyektiv fərqli rəftarı və ayrı-seçkiliyi qəti şəkildə qadağan edir”.

Vəkil bildirir ki, işlə əlaqəsi olmayan sosial media paylaşımlarına görə namizədə imtina edilməsi diskriminasiya hesab oluna bilər:
“Beynəlxalq hüquqi təcrübədə sosial media yoxlamaları (social media screening) ciddi mənbə sayılır və yalnız zərurilik, mütənasiblik və vakansiyanın tələbləri ilə birbaşa əlaqəlilik prinsiplərinə əsaslanmaqla təhlil edilir. Bu çərçivədə yalnız zorakılığa çağırış, peşə etikasının kobud şəkildə pozulması və ya əmək funksiyalarının icrasına birbaşa mane olan açıq uyğunsuzluqlar hüquqi əsas kimi qəbul oluna bilər. Buna baxmayaraq, namizədin şəxsi həyat tərzi, qanuni çərçivədə ifadə etdiyi siyasi mövqeyi və ya işin xarakterinə aidiyyəti olmayan paylaşımları əsas götürərək imtina qərarı verilməsi həm diskriminasiya, həm də fərdi məlumatların qorunması prinsiplərinin pozulması kimi ciddi hüquqi mübahisələrə və məsuliyyətə səbəb ola bilər”.
Cəmilə Cəfərzadə






