media-inshot_20260728_192940419

Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir.
Bəs MTK müqavilədə göstərilən vaxtda evi təhvil vermədikdə qanunvericilikdə bununla bağlı hansı məsuliyyət nəzərdə tutulur? Vətəndaş gecikməyə görə kompensasiya və ya dəymiş zərərin ödənilməsini tələb edə bilərmi?

Patrul.az-ın bu və digər suallarını hüquqşünas Elnur Məmmədov cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini razılaşdırılmış müddətdə və lazımi qaydada icra etməyə borcludurlar:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini razılaşdırılmış müddətdə və lazımi qaydada icra etməyə borcludurlar. Buna görə də MTK-nın müqavilədə göstərilən vaxtda mənzili təhvil verməməsi müqavilə öhdəliyinin pozulması hesab olunur və mülki-hüquqi məsuliyyət yarada bilər”.

Hüquqşünas qeyd edib ki, belə hallarda alıcı ilk növbədə müqavilənin icrasını tələb etmək hüququna malikdir:

“Belə halda alıcı ilk növbədə mənzilin təhvil verilməsini tələb edə bilər. Əgər gecikmə nəticəsində ona maddi zərər dəyibsə, məsələn, kirayə haqqı ödəyibsə və ya digər əlavə xərclərlə üzləşibsə, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Zərərin ödənilməsi üçün onun məbləği və gecikmə ilə səbəbli əlaqəsi sübuta yetirilməlidir”.

Müsahibimiz əlavə edib ki, müqavilədə dəbbə pulu nəzərdə tutulduğu halda alıcı həmin məbləğin də ödənilməsini tələb edə bilər:

“Əgər müqavilədə gecikməyə görə dəbbə pulu (cərimə) nəzərdə tutulubsa, alıcı həmin məbləğin də ödənilməsini tələb edə bilər.
Bəzi hallarda gecikmə o qədər uzun çəkə bilər ki, bu, müqavilənin məqsədini faktiki olaraq aradan qaldırır. Belə vəziyyətdə alıcı müqavilənin pozulmasını əsaslı hesab edərək müqaviləyə xitam verilməsi, ödədiyi vəsaitin geri qaytarılması, habelə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə də məhkəməyə müraciət edə bilər. Məhkəmə hər bir konkret iş üzrə gecikmənin müddətini, səbəblərini, tərəflərin davranışını və müqavilənin şərtlərini qiymətləndirərək qərar qəbul edir”.

media-img-20260706-wa0028

E.Məmmədov vurğulayıb ki, tikinti şirkəti yalnız qanunvericilikdə nəzərdə tutulmuş fors-major halları sübuta yetirdiyi halda məsuliyyətdən azad oluna bilər:

“Tikinti şirkəti yalnız qanunvericilikdə nəzərdə tutulmuş fors-major halları sübuta yetirdiyi halda məsuliyyətdən azad oluna bilər. Maliyyə çətinliyi, tikinti materiallarının bahalaşması və ya təşkilati problemlər, bir qayda olaraq, belə əsas hesab edilmir”.

Sonda hüquqşünas vətəndaşların qanunla qorunan hüquqlarını bir daha xatırladıb:

“Nəticə etibarilə, MTK müqavilədə müəyyən olunmuş müddətdə mənzili təhvil vermədikdə vətəndaş müqavilənin icrasını, gecikməyə görə dəbbə pulunun, dəymiş zərərin ödənilməsini, zəruri hallarda isə müqaviləyə xitam verilməsi və ödənilmiş vəsaitin geri qaytarılmasını məhkəmə qaydasında tələb edə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər