Paşinyanın həyat yoldaşı Anna Akopyan ölüm hədələri alır - Rəsmi istintaq başladı
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə ölüm hədələri aldığını açıqlayıb.
Patrul.az xəbər verir ki, bu barədə Anna Akopyan öz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, son dövrlər Ermənistanda qadın hüquqları və məişət zorakılığı mövzusunu aktiv şəkildə araşdırmağa və bu barədə açıq danışmağa başladıqdan sonra onun həyatına qəsd ediləcəyi ilə bağlı hədələr gəlməyə başlayıb.
Baş nazirin xanımı rəsmi qurumların bu məsələyə laqeyd qalmayacağına ümid etdiyini vurğulayıb:
“Ümid edirəm, dövlət xidmətləri belə bir şeyə icazə verməyəcək. Ölkənin birinci xanımının zorakılığa məruz qalması Ermənistanın dövlət bütövlüyünə və beynəlxalq nüfuzuna böyük zərər vuracaq”.
Məlumata görə, Ermənistan Baş Prokurorluğu isə Akopyanın həyatına yönəlmiş hədələrlə bağlı paylaşımları dərhal nəzarətə götürdüyünü və fakt üzrə rəsmi araşdırmaya başladığını açıqlayıb.
Qeyd edək ki, Anna Akopyan daha əvvəl ölkədəki qadınlara müraciət edərək onları susmamağa çağırıb. O, illərlə psixoloji, fiziki, maliyyə və cinsi zorakılığa dözməyin qəbuledilməz olduğunu bildirib. Akopyan vurğulayıb ki, qadınlar siyasi baxışından, sosial vəziyyətindən və təhsil səviyyəsindən asılı olmayaraq, eyni vaxtda cəsarətlə səsini ucaltsa, sistem onların hamısını birdən susdura bilməz.
Gülbəniz Səfərova






