“Qəhvə yuxusu” nədir? - Cəmi 15 dəqiqədə diqqəti və performansı artıran üsul
Gün ərzində yorğunluq hiss edən insanların çoxu enerjisini bərpa etmək üçün ya qəhvə içməyə, ya da qısa müddətlik mürgüləməyə üstünlük verir. Son illərdə isə bu iki üsulu birləşdirən “qəhvə yuxusu” metodu getdikcə daha çox maraq doğurur. Mütəxəssislərin fikrincə, qəhvə içdikdən dərhal sonra 10-15 dəqiqəlik qısa yuxu diqqəti, ayıqlığı və iş performansını artırmağa kömək edə bilər.
Patrul.az-ın araşdırmalarına əsasən, yuxusuz qalmaq orqanizmdə zamanla “yuxu borcu” yaradır. Bu vəziyyət insanın diqqətini zəiflədir, reaksiya sürətini azaldır və gündəlik fəaliyyətinə mənfi təsir göstərir. Məhz buna görə alimlər uzun illərdir qısa yuxu ilə kofeinin birlikdə necə təsir göstərdiyini araşdırırlar.
1997-ci ildə aparılan tədqiqat zamanı yuxusuz qalmış 12 nəfərə böyük fincan qəhvə içirdilib və daha sonra onların 15 dəqiqə yatmasına imkan verilib. Oyandıqdan sonra iştirakçılar sürücülük simulyatorunda sınaqdan keçirilib. Nəticələr göstərib ki, təkcə qəhvə içənlərlə müqayisədə qəhvə içib qısa müddət yatan şəxslər daha diqqətli olub və tapşırıqları daha uğurla yerinə yetiriblər. Tədqiqat zamanı xüsusilə monoton sürüş şəraitində “qəhvə yuxusu” edən iştirakçıların yol zolağından çıxma ehtimalının daha aşağı olduğu müəyyən edilib. Alimlər bildirirlər ki, bunun üçün dərin yuxuya getmək vacib deyil, cəmi bir neçə dəqiqəlik mürgüləmə belə faydalı ola bilər.
Mütəxəssislər bunu kofeinin orqanizmdə təsir mexanizmi ilə izah edirlər. Qəhvə qəbul edildikdən sonra kofein nazik bağırsaqda sorulur və onun tam təsiri təxminən 45 dəqiqə ərzində formalaşır. İlk stimullaşdırıcı təsirlər isə adətən 20-30 dəqiqə sonra hiss olunur. Bu səbəbdən qəhvə içən kimi 10-15 dəqiqə yatmaq orqanizmə həm qısa istirahətin, həm də kofeinin oyadıcı təsirindən eyni vaxtda faydalanmağa imkan verir. Əksinə, kofeinin təsiri başladıqdan sonra yatmağa çalışmaq yuxuya getməyi çətinləşdirə bilər.
Bununla belə, mütəxəssislər kofein qəbulunda həddi aşmamağı tövsiyə edirlər. Gün ərzində 2-3 böyük fincan qəhvə əksər sağlam insanlar üçün təhlükəsiz hesab olunur. Bu miqdardan artıq qəbul isə əsəbilik, narahatlıq, ürəkdöyünmə və yuxu pozuntuları kimi yan təsirlərə səbəb ola bilər. Kofein istifadəsini azaltmaq istəyən şəxslərə isə bunu birdən deyil, mərhələli şəkildə etmələri məsləhət görülür. Mütəxəssislər vurğulayırlar ki, “qəhvə yuxusu” qısa müddət ərzində enerjini artırsa da, yuxu çatışmazlığını tam aradan qaldıran üsul deyil. Sağlamlıq, yüksək diqqət və məhsuldarlıq üçün ən effektiv yol hər gün kifayət qədər və keyfiyyətli yuxu almaqdır. Müntəzəm yuxu həmçinin artıq çəki, diabet, depressiya və yol-nəqliyyat hadisələri riskinin azalmasına da müsbət təsir göstərir.
Sevinc Yarməmmədova






