media-inshot_20260728_165016740

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb və minlərlə abituriyent üçün ən məsuliyyətli mərhələ – ixtisas seçimi başlayıb. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə verilən qərar gələcək peşə və karyera yoluna birbaşa təsir göstərir. Bəs ixtisas seçimi zamanı əsas meyarlar nələr olmalıdır? Abituriyentlər yalnız topladıqları bala əsaslanmalıdır, yoxsa maraq, bacarıq və əmək bazarının tələbləri də nəzərə alınmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Patrul.az-a fikirlərini bölüşüb. O, ixtisas seçimini abituryentin ən vacib qərarlarından biri olduğunu bildirib:

‘’İxtisas seçimi abituriyentin gələcək peşə həyatını müəyyənləşdirən ən vacib qərarlardan biridir. Təəssüf ki, bir çox məzun bu mərhələdə yalnız topladığı bala uyğun seçim etməyə çalışır. Halbuki, bal sadəcə hansı ixtisaslara qəbul olmaq imkanını göstərən göstəricidir, uğurlu karyeranın təminatı deyil. Ən doğru yanaşma üç əsas amilin birlikdə nəzərə alınmasıdır: abituriyentin marağı, bacarığı və topladığı bal. Əgər gənc yalnız balı yüksək olduğu üçün maraq göstərmədiyi bir ixtisası seçirsə, gələcəkdə həmin sahədə nə uğurlu mütəxəssis ola, nə də peşəsinə motivasiya ilə yanaşa bilər. Digər tərəfdən, yalnız istəyinə əsaslanaraq qəbul şansı çox aşağı olan ixtisasları seçmək də düzgün yanaşma deyil’’.

media-file_000000009ff881f4ba824a69aff0cf75

Ekspert biıdirib ki, ona görə də ixtisas seçimi emosiyalarla deyil, real imkanlar və gələcək perspektivlər nəzərə alınaraq aparılmalıdır:

‘’Abituriyent əvvəlcədən hansı sahədə inkişaf edə biləcəyini, hansı peşə ilə uzun illər məşğul olmaq istədiyini müəyyənləşdirməlidir. Universitetin nüfuzu məsələsinə gəldikdə isə hesab edirəm ki, burada prioritet ilk növbədə ixtisas olmalıdır. Əmək bazarında tələbat olan bir ixtisası orta səviyyəli universitetdə oxuyaraq uğurlu karyera quran minlərlə məzun var. Eyni zamanda, nüfuzlu universiteti bitirsə də, bazarda tələbatı az olan və ya maraq göstərmədiyi ixtisas üzrə çalışan insanların sayı da kifayət qədərdir. Əlbəttə, universitetin maddi-texniki bazası, müəllim heyəti, beynəlxalq əlaqələri və ümumilikdə təhsil mühiti çox önəmlidir. Ancaq bunlar düzgün seçilmiş ixtisası tamamlayan amillərdir, onu əvəz etmir’’.

Ə. Həsənli abituriyentlərə tövsiyə edib ki, abituryentlər seçim zamanı gələcəyi də düşünsünlər:

‘’Tövsiyəm odur ki, seçim zamanı yalnız bu günü deyil, ən azı 5-10 il sonranı da düşünsünlər. Əmək bazarında hansı sahələr inkişaf edir? Hansı peşələrə tələbat artır? Seçiləcək ixtisas üzrə təcrübə, təhsili davam etdirmək və karyera imkanları necədir? Bütün bu suallar əvvəlcədən araşdırılmalıdır. Unutmayaq ki, ixtisas seçimi sadəcə universitetə qəbul olmaq üçün deyil, gələcək həyatın və peşə yolunun təməlini qurmaq üçün verilən mühüm qərardır. Buna görə də bu prosesə maksimum məsuliyyətlə yanaşmaq lazımdır’’.

Sevinc Yarməmmədova


Bənzər xəbərlər