Yaponiyada 7,1 bal gücündə zəlzələ: Yanğınlar başladı, evlər uçdu, rabitə kəsildi - VİDEO
Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə dağıdıcı zəlzələ qeydə alınıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 11:27-də yerin 10 kilometr dərinliyində baş verib.
Məlumata görə, təbii fəlakət nəticəsində 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Yaralıların 10 nəfərinin qocalar evinin sakinləri olduğu bildirilir. Hələlik rəsmi olaraq ölüm halı qeydə alınmayıb.
Zəlzələ Kumamoto regionunda ciddi dağıntılara və yanğınlara yol açıb. Yatsuşiro şəhərində və ətraf bölgələrdə isə çox sayda fərdi yaşayış evi tamamilə uçub, bir neçə binada güclü yanğınlar başlayıb.
Kaşima qəsəbəsində yerləşən məşhur “Aeon Mall Kumamoto” ticarət mərkəzində güclü partlayış baş verib. Partlayış nəticəsində ticarət mərkəzinin daxilində bəzi vətəndaşların köməksiz vəziyyətdə qaldığı bildirilir.
Fəlakətlə əlaqədar aidiyyəti qurumlar 150 mindən çox sakinin Fukuoka, Naqasaki və Kumamoto prefekturalarından təcili sığınacaqlara köçürülməsi barədə göstəriş verib.
Təbii fəlakət infrastrukturun və kommunal xidmətlərin fəaliyyətini də iflic edib. Kumamoto regionunda 45 minə yaxın ev təsərrüfatı və müəssisə tamamilə işıqsız qalıb. Elektrik kəsintiləri və ötürücü xətlərin sıradan çıxması səbəbindən isə Yaponiyanın nəhəng mobil operatorları “KDDI” və “Docomo” rabitə təminatında ciddi fasilələr yaranıb.
Qeyd edək ki, zəlzələ birbaşa quruda baş verdiyindən sahil boyu dağıdıcı dalğalar qeydə alınmayıb. Sinoptiklər ilkin olaraq 1 metr hündürlüyündə dalğaların ola biləcəyi barədə sunami xəbərdarlığı etsələr də, təhlükə sovuşduğundan bir saat sonra həmin xəbərdarlıq tamamilə ləğv olunub.
Hazırda fəlakət zonasında xilasetmə briqadaları tərəfindən axtarış-xilas etmə əməliyyatları davam etdirilir.
Gülbəniz Səfərova






