media-img-20260728-wa0072

Məlum olduğu kimi, son vaxtlar İran və Azərbaycan arasında müəyyən siyasi gərginliklər yaşanıb. Söhbət İranın Naxçıvana endirdiyi zərbələrdən gedir. Lakin İran təkcə siyasətdə deyil, media mühitində də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Bu yaxınlarda İran Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ölkəmizdə böyük təəccüb və təəssüf hissi yaratdı.

Medianın İnkişafı Agentliyi də buna reaksiya verərək “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətini qanunsuz adlandırdı.

Maraqlıdır ki, Azərbaycanın Dövlət Televiziyasına qarşı İran tərəfindən belə qərəzli qərarın verilməsinin arxasında nə dayanır?

Bununla bağlı Patrul.az-a BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan-İran münasibətlərinin normal inkişaf etdiyi bir vaxtda belə bir qərarın verilməsi ağılasığmazdır:

“İran Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi tamamilə absurd, məntiqi əsası olmayan cəfəngiyyat və düşünülməmiş bir addımdır. Necə ola bilər ki, sərhədinin yaxınlığında olan, daim sənə dost ölkə kimi yanaşan dövlətin əsas televiziya qurumunu “düşmən” elan edəsən?! Burada heç bir ağlabatan nüans yoxdur”.

Həmsöhbətimiz AzTV-nin media sahəsində balanslı və qərəzsiz fəaliyyət göstərməsinə də toxunub:

“AzTV münaqişəli bölgələrdən çox balanslı xəbərlər verir. Məsələn, həm İran tərəfinin, həm də Amerikanın xəbərlərini işıqlandırır. Yəni bu yolla balansı beynəlxalq standartlara uyğun qorumağa çalışır. Eləcə də AzTV Rusiya-Ukrayna müharibəsi məsələsində hər iki tərəfin həqiqət hesab etdiyi məlumatları verir”.

media-file_00000000c56881f48039aa3094425413

Sonda Q. Məhərrəmli Azərbaycanın İran üçün etdiyi yaxşılıqları xatırladaraq belə bir addımı mənfi qiymətləndirib:

“Fikrimcə, indi birdən-birə belə bir addımın atılması Azərbaycan-İran münasibətlərinin bugünkü məntiqinə sığmır. Ölkəmiz həmişə İran üçün etibarlı qonşu, mötəbər dost olub. Bütün gərginliklərə baxmayaraq, Azərbaycan həmişə İrana dost münasibətini saxlayıb və öz ərazisinin İran üçün hərbi əməliyyat məntəqəsinə çevrilməyəcəyini dəfələrlə bəyan edib. Dövlətimiz ən yüksək rəsmi səviyyədə Tehran hökumətinə qarşı xoşməramlı münasibət nümayiş etdirib. O cümlədən, müxtəlif ölkələrdən göndərilən humanitar yardımın İrana çatdırılması üçün öz səylərini əsirgəməyib.

Bütün bunların müqabilində İran Kəşfiyyat Nazirliyinin belə bir addım atması Bakı-Tehran münasibətlərinin məntiqinə zidd yanaşmadır. Ona görə də biz bunu düşünülməmiş, düşmən addımı kimi qiymətləndiririk. Medianın İnkişafı Agentliyinin bəyanatında irəli sürülən mülahizələr və ittihamlar da haqlıdır. Çünki iki ölkə arasında belə qərəzli yanaşma ola bilməz”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər