Yayda minlərlə gəncin etdiyi təhlükəli hərəkət: İflic və ölümlə nəticələnə bilər!
Yay aylarında dəniz, göl, çay və suvarma kanallarına üz tutanların sayı artır. İsti havadan sərinləmək istəyənlərin bir qismi isə təhlükəni gözardı edərək dərinliyi bilinməyən sulara başüstə tullanır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bir neçə saniyə çəkən bu riskli hərəkət ömürlük iflicə, hətta ölümlə nəticələnən faciələrə səbəb ola bilər.
Patrul.az-ın araşdırmasına görə, dərinliyi məlum olmayan suya başüstə və ya dik şəkildə tullanmaq boyun fəqərələrinin sınmasına və onurğa beyninin zədələnməsinə səbəb ola bilər. Belə hallarda insanın hər iki qolu və ayağı iflic ola, bəzi hallarda isə xəsarətlər ölümcül nəticələnə bilər. Mütəxəssislərin sözlərinə görə, risk yalnız onurğa zədələnmələri ilə məhdudlaşmır. Nəzarətsiz şəkildə hündürlükdən suya tullanmaq baş travmaları, qabırğa sınıqları, daxili orqanların zədələnməsi, ağciyərin zədələnməsi və digər ağır bədən xəsarətləri ilə də nəticələnə bilər.
Təhlükəli vəziyyətlərdən biri də su kənarında edilən zarafatlar və ehtiyatsız davranışlardır. Bir anlıq itələmə və ya tarazlığın itirilməsi insanın suya nəzarətsiz düşməsinə, ağır xəsarətlər almasına, hətta boğulmasına səbəb ola bilər.
Mütəxəssislər valideynlərə də xəbərdarlıq edirlər ki, hovuz və digər su hövzələrinin yaxınlığında olan uşaqlar heç vaxt nəzarətsiz buraxılmamalıdır. Kiçik yaşlı uşaqların suya təsadüfən düşməsi və ya itələnməsi qısa müddətdə faciə ilə nəticələnə bilər. Bundan başqa, ürək-damar xəstəlikləri və ya anadangəlmə ürək problemləri olan şəxslərin ekstremal su idman növləri və yüksək adrenalinə səbəb olan fəaliyyətlər zamanı daha diqqətli olmaları tövsiyə edilir. Belə hallarda güclü fiziki gərginlik ürək ritminin pozulmasına, arterial təzyiqin qəfil yüksəlməsinə və həyati təhlükə yaradan ağırlaşmalara səbəb ola bilər.
Mütəxəssislər yay istirahətinin təhlükəsiz keçməsi üçün dərinliyi bilinməyən su hövzələrinə başüstə tullanmamağı, təhlükəli zarafatlardan uzaq durmağı və uşaqları daim nəzarətdə saxlamağı tövsiyə edirlər. Unutmaq olmaz ki, bir anlıq ehtiyatsızlıq ömürboyu davam edəcək peşmançılığa çevrilə bilər.
Sevinc Yarməmmədova






