"Ulduz" metrosunun çıxışında göz-gözü görmür: Toz mağazalardakı məhsulları yararsız hala salır - VİDEO
Bakının Nərimanov rayonunda yerləşən “Ulduz” metrostansiyasının yerüstü çıxışı və ətraf ərazilərində toz-duman problemi yaranıb.
Patrul.az-ın məlumatına görə, metrostansiyanın ətrafındakı torpaq sahələrinin baxımsız qalması, sənaye zonasındakı ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkəti, o cümlədən küləkli hava şəraiti ərazini toz-dumana bürüyüb.
Sakinlərin və bölgədə fəaliyyət göstərən sahibkarların sözlərinə görə, toz səbəbindən ərazidə nəfəs almaq çətinləşir, mağazaların vitrin və piştaxtalarındakı mallar yararsız hala düşür, həmçinin ictimai nəqliyyatın hərəkətində də problemlər yaşanır.
Qeyd edək ki, metrostansiyanın ətrafı iri anbarlar, fabriklər, istehsalat müəssisələri və ofis mərkəzləri ilə əhatə olunduğundan, ağırtonnajlı avtomobillərin hərəkəti torpaq qatını havaya qaldıraraq görmə məsafəsini minimuma endirir.
Şikayətçilər aidiyyəti qurumlardan ərazinin mütəmadi olaraq su maşınları ilə yuyulmasını, tozun qarşısının alınmasını və yolların qısa müddətdə abadlaşdırılmasını xahiş edirlər.
Həmin ərazidən çəkilən görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






