media-inshot_20260211_160746799

“Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xatiyası iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd sadəcə diplomatik jest deyil, tərəflərin bir-birini regional və qlobal kontekstdə strateji aktor kimi qəbul etdiyini göstərən siyasi çərçivədir. Xartiyanın mahiyyəti əməkdaşlığı epizodik dialoq səviyyəsindən çıxarıb institusional və uzunmüddətli müstəviyə keçirməkdir”.

Bu sözləri deputat Elnarə Akimova Patrul.az-a Azərbaycan-ABŞ əməkdaşlığı çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mahiyyəti və bu sənədin ikitərəfli münasibətlərə təsiri barədə təəssüratlarını bölüşərkən səsləndirib.

Deputat bildirib ki, yeni imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərini ənənəvi enerji əməkdaşlığı çərçivəsindən çıxararaq təhlükəsizlik, iqtisadiyyat və institusional dialoqu əhatə edən daha geniş və strateji müstəviyə yüksəldir:

“Azərbaycan-ABŞ münasibətləri indiyədək əsasən enerji təhlükəsizliyi və terrorla mübarizə kontekstində inkişaf edib. Xəzər hövzəsinin enerji resurslarının Qərb bazarlarına çıxarılmasında Azərbaycanın rolu, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Vaşinqton tərəfindən ardıcıl şəkildə dəstəklənib. ABŞ şirkətləri 1990-cı illərdən etibarən Azərbaycanın enerji sektorunda əsas investorlar sırasında olub. Yeni Xartiya bu tarixi əməkdaşlığı daha geniş təhlükəsizlik və iqtisadi çərçivəyə daşıyır. Sənədin əsas mahiyyəti üç istiqamətdə cəmlənir: təhlükəsizlik, iqtisadiyyat və institusional dialoq. Təhlükəsizlik müstəvisində Xartiya regional sabitliyin qorunması, sərhəd təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərini nəzərdə tutur. Bu, xüsusilə Cənubi Qafqazın postmünaqişə mərhələsində mühüm əhəmiyyət daşıyır. ABŞ-ın Azərbaycanı regionda təhlükəsizlik tərəfdaşı kimi rəsmiləşdirməsi Bakının geosiyasi çəkisini artırır”.

media-inshot_20260211_160338287

E.Akimova qeyd edir ki, Strateji Tərəfdaşlıq Xartiyası iqtisadiyyat, tranzit və siyasi legitimlik müstəvilərində Azərbaycanın regional və qlobal mövqeyini gücləndirərək ABŞ üçün Cənubi Qafqazda balanslı strateji əməkdaşlıq aləti rolunu oynayır:

“İqtisadi sahədə sənəd enerji əməkdaşlığını qorumaqla yanaşı, qeyri-neft sektoruna, rəqəmsal transformasiyaya, nəqliyyat-logistika layihələrinə və investisiya mühitinin genişləndirilməsinə fokuslanır. Azərbaycanın Orta Dəhliz marşrutunda artan rolu, Şərq–Qərb ticarət axınında tranzit qovşağa çevrilməsi ABŞ üçün də strateji maraq kəsb edir. Bu baxımdan Xartiya təkcə ikitərəfli münasibətləri deyil, Azərbaycanın qlobal ticarət sistemindəki mövqeyini də gücləndirir. Siyasi baxımdan sənəd qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipini təsbit edir. Bu, xüsusilə Ermənistanla sülh prosesi fonunda əhəmiyyətlidir. ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı Bakının postmünaqişə reallıqlarının beynəlxalq legitimliyini möhkəmləndirir. Eyni zamanda Vaşinqton üçün bu sənəd Cənubi Qafqazda təsir imkanlarını balanslı şəkildə qorumaq alətidir”.

Deputatın sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ əlaqələrində institusional mexanizmlər yaradaraq münasibətləri situativ əməkdaşlıqdan çıxarıb sistemli və dayanıqlı strateji tərəfdaşlığa çevirir:

“Xartiyanın ən mühüm təsiri münasibətlərin institusional çərçivəyə salınmasıdır. Strateji tərəfdaşlıq statusu müntəzəm siyasi məsləhətləşmələr, iqtisadi komissiyalar və təhlükəsizlik dialoqu mexanizmləri vasitəsilə əlaqələrin davamlılığını təmin edir. Bu isə münasibətləri şəxsi diplomatik jestlərdən və situativ maraqlardan asılılıqdan çıxarır. Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ əlaqələrində keyfiyyət dəyişikliyi yaradan sənəddir. O, həm Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir, həm də ABŞ üçün Cənubi Qafqazda etibarlı tərəfdaş platforması formalaşdırır. Bu sənəd münasibətlərin yeni geosiyasi reallıqlar fonunda daha praqmatik, daha strukturlaşmış və uzunmüddətli əsaslar üzərində qurulacağını göstərir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər