ABŞ-dan Türkiyəyə mühüm qərar: KAAN üçün mühərrik satışına yaşıl işıq - FOTOLAR
ABŞ Prezidenti Donald Tramp administrasiyası Türkiyənin milli döyüş təyyarəsi layihəsi olan KAAN üçün nəzərdə tutulan mühərriklərin satışına razılıq verib.
Patrul.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, qərar NATO sammiti ərəfəsində qəbul olunub və Türkiyəyə yüz milyonlarla dollar dəyərində ABŞ istehsalı olan reaktiv mühərriklərin satışını nəzərdə tutur.
Bildirilir ki, satış paketi əsasən General Electric şirkətinin istehsal etdiyi F110 mühərriklərini əhatə edir. Həmin mühərriklər hazırda KAAN qırıcılarının sınaq və ilkin istehsal mərhələlərində istifadə olunur.
Mənbələrin sözlərinə görə, satışın ümumi dəyəri 700 milyon dollardan çox ola bilər. Yaxın günlərdə ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı Konqresə rəsmi bildiriş göndərəcəyi gözlənilir.
Qeyd edək ki, KAAN Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi layihəsidir. Təyyarə ilk uçuşunu 2024-cü ilin fevral ayında uğurla həyata keçirib və Türkiyənin müdafiə sənayesində ən strateji layihələrdən biri hesab olunur.
Analitiklər hesab edirlər ki, Vaşinqtonun bu addımı ABŞ-Türkiyə münasibətlərində müdafiə sahəsində əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qərarın NATO sammiti öncəsi verilməsi isə siyasi və strateji baxımdan xüsusi diqqət çəkir.
Mütəxəssislərin fikrincə, mühərrik satışının təsdiqlənməsi KAAN layihəsinin inkişaf prosesini sürətləndirə və Türkiyənin yerli döyüş təyyarəsi proqramına əlavə dəstək verə bilər.







