media-img-20260624-wa0123

Yuxusuz keçən bir gecənin ertəsi günü özümüzü yorğun, diqqətsiz və halsız hiss etməyimiz təsadüfi deyil. Alimlər uzun illərdir yuxunun insan orqanizmi üçün vacibliyini araşdırsalar da, son tədqiqatlar göstərir ki, yuxu sadəcə istirahət deyil, həm də beynin özünü yenidən tənzimləmə prosesidir. 

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Yulix Tədqiqat Mərkəzinin mütəxəssislərinin apardığı yeni araşdırma bu sahədə diqqətçəkən nəticələr ortaya qoyub.

Araşdırmaya görə, cəmi bir gecə yuxusuz qalmaq belə beyindəki sinir hüceyrələri arasındakı əlaqələrə təsir edir. İnsan gün ərzində məlumatları qəbul edir, hadisələri yadda saxlayır və ətraf mühitə uyğunlaşır. Bütün bu proseslər neyronlar arasındakı əlaqələrin – sinapsların güclənməsi hesabına baş verir. Lakin bu əlaqələrin həddindən artıq möhkəmlənməsi beynin daha çox enerji sərf etməsinə və sinir sisteminin yüklənməsinə səbəb ola bilər.

Məhz bu səbəbdən alimlər uzun müddətdir hesab edirlər ki, yuxu zamanı beyin öz fəaliyyətini balanslaşdırır. Bu nəzəriyyəyə görə, gün ərzində güclənən bəzi sinaptik əlaqələr yuxu zamanı zəiflədilir, lazımsız məlumatlar süzülür və sinir sistemi yenidən optimal vəziyyətə qaytarılır. İndiyədək bu fikir əsasən heyvanlar üzərində aparılan təcrübələrlə dəstəklənirdi.

Yeni araşdırmada isə bu proses ilk dəfə insanlar üzərində daha dəqiq şəkildə öyrənilib. Təcrübədə 40 könüllü iştirak edib və onların yarısı gecəni tamamilə yuxusuz keçirib. Alimlər pozitron-emission tomoqrafiya üsulu vasitəsilə beyində sinapsların fəaliyyətini əks etdirən “SV2A” adlı zülalın səviyyəsini ölçüblər.

Nəticələr göstərib ki, təxminən 28 saat fasiləsiz oyaq qalan şəxslərdə bu zülalın miqdarı artıb. Xüsusilə yaddaşın formalaşmasında mühüm rol oynayan hippokampda və məlumat ötürülməsini tənzimləyən talamusda dəyişikliklər daha aydın müşahidə olunub. Bu isə yuxusuzluğun beyindəki sinaptik əlaqələri gücləndirdiyini göstərən mühüm sübut hesab olunur.

Təcrübənin növbəti mərhələsində iştirakçılara iki saat yatmaq imkanı verilib. Maraqlıdır ki, zülal səviyyəsi daha yüksək olan şəxslərdə dərin yuxunun əsas göstəricilərindən sayılan yavaş dalğalı beyin aktivliyi daha güclü qeydə alınıb. Bu fakt beynin yuxu vasitəsilə özünü bərpa etməyə çalışdığını göstərir.

Mütəxəssislər vurğulayırlar ki, müşahidə edilən dəyişikliklər böyük olmasa da, onların elmi əhəmiyyəti kifayət qədər yüksəkdir. Çünki nəticələr yuxu çatışmazlığının beyində ölçülə bilən struktur dəyişiklikləri yaratdığını təsdiqləyir. Başqa sözlə, yuxusuzluq sadəcə yorğunluq hissi yaratmır, eyni zamanda beynin normal fəaliyyət mexanizmlərinə də təsir göstərir.

Bu araşdırma bir daha sübut edir ki, yuxu insan orqanizmi üçün lüks deyil, həyati zərurətdir. Beyin gün ərzində topladığı məlumatları emal etmək, sinir əlaqələrini yenidən nizamlamaq və növbəti günə hazırlaşmaq üçün yuxuya ehtiyac duyur. Buna görə də bəzən bir neçə saat artıq işləmək və ya gecəni oyaq keçirmək məhsuldarlıq qazandırırmış kimi görünsə də, əslində bunun əvəzini ilk olaraq beynimiz ödəyir.

Ləman Sərraf


Bənzər xəbərlər