Bakıxanovda təhlükəli vəziyyət iddiası: Qaz borularından su axır - VİDEO
Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən vətəndaş Bakıxanov qəsəbəsində yerləşən və sakinlər arasında “Akord” binaları kimi tanınan yaşayış kompleksində narahatlıq doğuran vəziyyət yarandığını iddia edib.
Vətəndaşın redaksiyamıza təqdim etdiyi videogörüntülərdə binaya daxil olan ümumi qaz xəttinin bir neçə hissəsindən təzyiqlə su axdığı müşahidə olunur. Görüntülər sakinlər arasında ciddi narahatlıq yaradıb.
Şikayətçinin sözlərinə görə, qaz borularının bu vəziyyətdə olması həm qaz təchizatının təhlükəsizliyi, həm də mümkün qəza riskləri baxımından diqqət tələb edən məsələdir.
Videogörüntülərdə hadisə yerində “Azəriqaz” əməkdaşlarının işlədiyi də görünür. Məlumata görə, aidiyyəti qurumun əməkdaşları problemin səbəblərinin araşdırılması və vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Sakinlərin bildirdiyinə görə, onlar hadisə yerində çalışan ustalardan vəziyyətin səbəbini soruşublar. Ustaların cavabında isə qaz borusuna sakinlərdən kimsə tərəfindən su xəttinin qoşulduğunun iddia edildiyi bildirilib. Bununla belə, sözügedən məlumatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparıldığı bildirilir.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək və sakinlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görüləcək.






