Yeni Yasamalda yol kənarında saxlanılan avtomobillər tıxaca səbəb olur - Sürücülər narazıdır - VİDEO
Patrul.az redaksiyasına videogörüntü göndərən vətəndaş Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən Əsəd Əhmədov küçəsində yaranan nəqliyyat sıxlığı ilə bağlı narazılığını ifadə edib.
Vətəndaşın sözlərinə görə, sözügedən küçənin kənarında uzun müddət saxlanılan avtomobillər hərəkət iştirakçıları üçün ciddi çətinlik yaradır. İddia olunur ki, bəzi nəqliyyat vasitələri gecə saatlarından etibarən yolun kənarında park vəziyyətində saxlanılır və bu da onsuz da sıx olan ərazidə tıxacın daha da artmasına səbəb olur.
Videogörüntülərdən də görünür ki, yolun müəyyən hissəsində hərəkət zolağının daralması nəqliyyatın axıcılığına mənfi təsir göstərir. Yol kənarında park edilmiş avtomobillər isə vəziyyəti daha da mürəkkəbləşdirərək sürücülərin hərəkətini çətinləşdirir.
Şikayətçi bildirir ki, xüsusilə pik saatlarda ərazidə uzun tıxaclar yaranır və sürücülər mənzil başına çatmaq üçün əlavə vaxt itirirlər.
Vətəndaş aidiyyəti qurumlardan məsələni araşdırmağı, yolun hərəkət hissəsində parklanma ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsini və nəqliyyatın sərbəst hərəkətinin təmin olunmasını xahiş edir.






