media-inshot_20260319_130249540

ABŞ Ədliyyə Nazirliyi ölüm cəzası ilə bağlı yekun məhkəmə qərarlarının icrasının sürətləndirilməsini nəzərdə tutan yeni qayda layihəsi təqdim edib.

Patrul.az xəbər verir ki, bu barədə martın 19-da dərc olunan rəsmi hökumət sənədlərində məlumat verilir.

Nazirlik bildirir ki, bir sıra ştatlarda ölüm hökmlərinin icrası həm ştat, həm də federal səviyyədə aparılan uzunmüddətli və çoxsaylı yenidən baxılma prosedurları səbəbindən ciddi şəkildə gecikir.

Sənədlərdə qeyd olunur ki, təklif edilən dəyişikliklər qanunvericilikdə nəzərdə tutulmayan inzibati maneələri aradan qaldıraraq, ştatların müraciətlərinə daha operativ baxılmasına imkan yaradacaq.

Təşəbbüs ABŞ qanunvericiliyinin 28-ci başlığının 154-cü fəslinin tətbiq mexanizminin dəyişdirilməsini nəzərdə tutur. Həmin fəsil ölüm cəzasına məhkum olunmuş şəxslər üçün sürətləndirilmiş federal baxış prosedurunu tənzimləyir.

Nazirlik vurğulayır ki, mövcud hüquqi mexanizm məhkumlara ştat səviyyəsində bütün mərhələlər tamamlandıqdan sonra belə, federal məhkəmələrdə illərlə apellyasiya şikayətləri vermək imkanı yaradır.

Eyni zamanda gözlənilir ki, yeni qayda aztəminatlı məhkumlar üçün vəkil təyinatı və hüquqi yardımın maliyyələşdirilməsi ilə bağlı mövcud çətinlikləri də aradan qaldıracaq.

Qayda layihəsi üzrə ictimai rəylər 2026-cı il mayın 15-dək federal normativ tənzimləmə platforması vasitəsilə qəbul olunur.

Rəsmi materiallara əsasən, təşəbbüs prezident Donald Tramp administrasiyasının ölüm cəzasının tətbiqinin genişləndirilməsi və cinayət ədalət sisteminin effektivliyinin artırılması siyasətinin tərkib hissəsidir.

Aynur Nadirqızı


Bənzər xəbərlər