“ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı təhlükəli planları var” – ŞƏRH OLUNDU
“Amerika Birləşmiş Ştatları hər zaman Cənubi Qafqaz regionunda münaqişə vəziyyətinin qalmasında maraqlı olub. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra dəfələrlə ABŞ rəsmi şəxslərinin dilindən və ABŞ Konqresi tərəfindən Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirildi, qərəzli müzakirələr təşkil edildi. Hesab edirəm ki, Avropa müstəvisində də analoji halların baş verməsi məhz ABŞ tərəfindən təşkil olunurdu”.
Bu sözləri “Patrulaz”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, ABŞ-ın məqsədi Cənubi Qafqaz regionunda münaqişə vəziyyətini saxlamaq idi və onlar yeni reallıqlarla barışmaq istəmirdilər: “Çünki münaqişə vəziyyəti onlara imkan verirdi ki, regiona müdaxilə edə bilsinlər. Amma Azərbaycan vəziyyəti dəyişdi və öz gücünə torpaqlarını işğaldan azad etdi. Belə olan halda isə ölkəmizin üzərinə siyasi hücumlar təşkil olunmağa başlandı.
ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması birbaşa olaraq ABŞ-ın geosiyasi mövqeyinə xidmət edir. Burada Ermənistanın hər hansı ciddi dividentlər qazanacağını düşünmürəm. Sadəcə olaraq Ermənistanın özünün müstəqil mövqeyi yoxdur. İki dövlət arasında imzalanmış saziş əsasən ABŞ-ın maraqlarına əsaslanıb. ABŞ Cənubi Qafqaz regionunda Ermənistandan bir alət kimi daha fəal istifadə edəcək. E.Bliken də bəyan etdi ki, Ermənistan sərhəddinə ABŞ-ın xüsusi sərhəd mühafizə dəstələri göndəriləcək. Bu o deməkdir ki, ABŞ və bunun fonunda NATO özünün Cənubi Qafqazda hərbi mövcudluğunu təmin edir. Bu isə bütün region üçün təhlükəlidir. Eyni zamanda ABŞ hər zaman Azərbaycan ərazisində separatizmi də dəstəkləyib. ABŞ Konqresində aparılan müzakirələr zamanı da bir çox hallarda Dövlət Departamentinin sərgilədiyi mövqedə də ermənilərin yenidən Qarabağa qayıtması, onların təhlükəsizliyi məsələsi ətrafında əsassız mövqelər nümayiş olunub.
ABŞ yenə də bütün addımları ilə nümayiş etdirir ki, Cənubi Qafqaz regionunda yenidən gərginlik formalaşdırsın. Bu gərginliyin formalaşdırılması yolu da məhz Qarabağ üzərindən baş verə bilər. Sözsüz ki, bu növbəti dəfə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı olduqca təhlükəli planlara sahib olduğunu nümayiş etdirir və Ermənistanla istifadə etməklə bu planları həyata keçirməyə çalışacaq. Amma region ölkələri bir arada olduqları təqdirdə bütün bunların qarşısını almaq mümkün olacaq. Azərbaycanın təşəbbüsü ilə “3+3” əməkdaşlıq platformasının yaradılması da kənar müdaxilələrin qarşısının alınmasının ən effektiv yolu ola bilər”.
Səbinə Hüseynli






