ABŞ İrana qarşı əməliyyatda iştirak edən qüvvələrinin sayını AÇIQLADI
“ABŞ İrana qarşı hərbi əməliyyat başlayandan bəri ölkə ərazisində təxminən 2000 hədəfə zərbə endirib”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Komandanlığın “X” hesabında yayımlanan videoda bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı 2000-dən çox sursat istifadə olunub:
“Artıq 2000-dən çox sursatla təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətdik və yüzlərlə İranın ballistik raketlərini, buraxılış qurğularını və dronlarını məhv etdik”, -deyə Kuper qeyd edib.
Admiral əməliyyatda iştirak edən qüvvələr barədə də məlumat verib. O bildirib ki, əməliyyata ABŞ-dən 50 mindən çox hərbçi, 200 qırıcı təyyarə, iki təyyarədaşıyan gəmi və bombardmançı təyyarələr cəlb olunub. Onun sözlərinə görə, əlavə hərbi imkanlar da bölgəyə göndərilir.
Kuper həmçinin müharibə başlayandan indiyədək 17 İran gəmisinin məhv edildiyini açıqlayıb:
“İndiyə qədər biz 17 İran gəmisini, o cümlədən ən işlək İran sualtı qayığını məhv etmişik”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Zərbələr İranın müxtəlif şəhərlərinə, o cümlədən paytaxt Tehrana endirilib. ABŞ tərəfi hücumları İranın raket və nüvə təhdidi ilə əsaslandırıb.
Hücumlara cavab olaraq isə İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı cavab əməliyyatı başladığını elan edib. Bundan sonra Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazaları da zərbələrə məruz qalıb.
Gülbəniz Səfərova






