ABŞ və İsrailin İrana qarşı siyasətində fikir ayrılığı DƏRİNLƏŞİR
ABŞ və İsrailin İrana qarşı kampaniyanın gələcəyi ilə bağlı mövqeləri getdikcə daha çox fərqlənir. Vaşinqton artıq məqsədlərə nail olunduğunu bildirərək əməliyyatların dayandırılmasına meyllidir, İsrail isə rejimin tam zəiflədilməsinə qədər hərbi təzyiqin davam etdirilməsində israrlıdır.
Patrul.az xəbər verir ki, dünya siyasi ekspertlərinin fikrincə, İran hərbi təzyiqlərə baxmayaraq müqavimət göstərə bilib və öz hərbi potensialının əhəmiyyətli hissəsini qoruyub saxlayıb. Bu isə tədricən həm Amerika, həm də İsrail rəhbərliyini gözləntilərini yenidən nəzərdən keçirməyə vadar edir.
Hazırda Vaşinqton ilə Tehran arasında birbaşa dialoqun bərpasına dair ilk siqnallar müşahidə olunur. Lakin tərəflərin şərtləri hələ də ciddi şəkildə ziddiyyətlidir.
Bundan əlavə, Hörmüz boğazı ətrafında gərgin vəziyyət səbəbindən istənilən an yeni eskalasiya riski qalmaqdadır.
Donald Tramp isə bildirib ki, ABŞ üçün “demək olar ki, zərbə endiriləcək hədəf qalmayıb” və hərbi əməliyyatlar istənilən vaxt dayandırıla bilər. Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə – hətta çox yaxın zamanda regiondan geri çəkilə bilər.
Aynur Nadirqızı






