Açıq hava yanğınları necə baş verir? - SƏBƏB
Son günlərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində – Füzuli, Ağdam və Xocavənd rayonlarında qeydə alınan açıq sahə yanğınları həm təhlükəsizlik, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurur.
Patrulaz.az bu hadisələr fonunda açıq havada baş verən yanğınların səbəbləri barədə kiçik bir araşdırma aparıb.
Açıq hava yanğınları: Səbəblər və qarşısının alınması yolları
Yay aylarında hava temperaturunun yüksəlməsi, quraqlıq və insan faktorlarının təsiri ilə açıq sahə yanğınlarının sayı artır. Bu yanğınlar təkcə təbiətə deyil, həm də insan həyatı, əmlak və iqtisadiyyata ciddi zərər vurur. Onların qarşısını almaq üçün səbəbləri doğru anlamaq və preventiv tədbirlər görmək vacibdir.
Əsas səbəblər nədir?
Quraqlıq və isti hava

Havanın uzun müddət yağıntısız keçməsi nəticəsində torpaq və bitki örtüyü quruyur, bu da kiçik bir qığılcımın belə geniş miqyaslı yanğına səbəb olmasına yol açır.
İnsan laqeydliyi

Ən çox yayılmış səbəb ehtiyatsızlıqdır. Açıq havada:
-Siqaret kötüyünün yerə atılması,
-Şüşə parçasının günəş altında fokuslanaraq yanğına səbəb olması,
-Nəzarətsiz tonqal qalaması,
-Tarlalarda quru otların yandırılması, bunların hamısı böyük risk daşıyır.
Texniki nasazlıqlar

Bəzən elektrik naqillərindəki nasazlıq, traktor və digər texnikaların qığılcım çıxarması da yanğınlara səbəb ola bilər.
Qarşısını necə ala bilərik?
Maarifləndirmə
Əhali arasında geniş maarifləndirmə kampaniyaları aparılmalıdır. İnsanlar bilməlidir ki, kiçik bir ehtiyatsızlıq böyük fəlakətə yol aça bilər.
Yanğın təhlükəsi dövründə tədbirlər
İsti və quraq dövrlərdə:
-Açıq havada od qalamaq qadağan olunmalı,
-Kənd təsərrüfatı sahələrində kontrollu nəzarət sistemi qurulmalıdır,
-Əlavə olaraq profilaktik suvarma və nəmləndirmə tədbirləri görülə bilər.
Patrul və nəzarət
Meşə və tarlalara yaxın ərazilərdə daimi nəzarət və monitorinq olmalıdır. Dron və kameralarla nəzarət sistemləri də bu işdə effektiv vasitədir.
Cərimə və məsuliyyət
Yanğına səbəb olan şəxslər qanunla ciddi şəkildə cəzalandırılmalıdır. Bu, həm cəza, həm də profilaktik tədbir rolunu oynayır.
Təbiətə sahib çıxmaq bizim borcumuzdur. Unutmayaq ki, açıq sahələrdə baş verən yanğınlar ətraf mühitin pozulmasına, təbiətin balansının dağılmasına, heyvanların və nadir bitki növlərinin məhvinə səbəb olur.
Buna görə də təbiəti qorumaq yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın vicdani və hüquqi borcudur.
Açıq hava yanğınları, diqqətsizlik və qəsdən edilən səhlənkarlığın acı nəticəsidir. Əgər hər birimiz odla ehtiyatlı davranmağı vərdiş etsək, bu fəlakətlərin qarşısını almaq mümkündür.
Ləman Sərraf






