Acun Ilıcalı müflis olub? - İDDİALARA CAVAB VERDİ
Türkiyəli məşhur iş adamı və teleaparıcı Acun Ilıcalı karyerası və maliyyə vəziyyəti ilə bağlı diqqət çəkən açıqlama verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, qatıldığı televiziya proqramında biznesinin yaxşı getdiyini bildirsə də, şirkətlərinin borcu olduğunu gizlətməyib.
Aparıcı Arem Özgüçün “Acun Ilıcalı müflis olubmu?” sualına cavab verən Ilıcalı bildirib ki, şirkətlərinin sürətlə böyüməsi və yeni investisiyalar borclanmanı qaçılmaz edir.
Onun sözlərinə görə, biznesləri uğurla inkişaf etsə də, böyüyən şirkətlərin daim investisiya və maliyyə resurslarına ehtiyacı olur.
“Biznesimiz çox yaxşı gedir, amma biz investisiya qoyan və böyüyən bir şirkətik. Böyüdükcə daim borc alırıq. Almaniyada bir kanal aldıq. Biz super varlı bir ailədən deyilik. 20 il keçib. Soruşurlar ki, bu qədər qısa müddətdə pulu necə tapdım. Deyəsən, onu 20 ilə tapdım”, – deyə o bildirib.
Media maqnatı əlavə edib ki, fəaliyyətləri dövründə müxtəlif maliyyə çətinlikləri ilə də üzləşiblər. Onun sözlərinə görə, bəzi hadisələr reklam gəlirlərinə ciddi təsir göstərib.
“Pul axını dediyimiz şey var. Bəzən maliyyə çətinlikləri yaşayırıq. Otel yandı, bu bizə zərər verdi. Bir ay ərzində heç bir reklam yayımlamadıq. Zəlzələ oldu, 4 ay televiziya əyləncə proqramları yayımlamadıq. Vətəndaşlarımızı düşündük. Televiziya əyləncədir və reklam sektoru da bu proseslərdən təsirlənir”, – deyə Ilıcalı qeyd edib.
Beləliklə, məşhur iş adamı müflis olması ilə bağlı yayılan iddiaları təkzib edərək, borcların əsasən şirkətlərin inkişafı və investisiya layihələri ilə bağlı olduğunu vurğulayıb.






