ADY: Sərnişin qatarlarına 6 ayda 21 dəfə daş atılıb
Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb.
Patrul.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb olunur.
“Yetkinlik yaşına çatmayanların bu cür hərəkətlər törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə müəyyən edilmiş məsuliyyəti daşıyırlar”, – QSC bildirir.
ADY valideynlərə müraciət edərək xahiş edir ki, övladlarını bu cür təhlükəli hərəkətlərdən uzaq tutsunlar və onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbətlər aparsınlar.






