media-img-20260723-wa0072

Yay aylarında insanların gec yatması və yuxu rejiminin pozulması adi hal kimi qəbul edilir. Bəs bu vəziyyət uzun müddət davam etdikdə insanın psixoloji və nevroloji sağlamlığı üçün hansı riskləri yaradır? Yuxu çatışmazlığı və rejimin pozulması hansı xəstəliklərə və ya psixoloji problemlərə səbəb ola bilər?

Mövzu ilə bağlı psixoloq Nizami Orucov Patrul.az-a açıqlama verib. O bildirib ki, yay aylarında günlərin uzanması, havanın isti olması və insanların sosial fəaliyyətlərinin artması səbəbindən gec yatmaq daha çox müşahidə olunur:

“Bir neçə gün yuxu rejiminin dəyişməsi ciddi problem yaratmaya bilər. Ancaq bu vəziyyət həftələrlə davam etdikdə həm psixoloji, həm də nevroloji sağlamlığa təsir göstərməyə başlayır. Yuxu beynin istirahət etdiyi vaxt deyil, əksinə, özünü bərpa etdiyi ən vacib dövrlərdən biridir. Kifayət qədər yatmayan insanlarda diqqət və yaddaş zəifləyə, qərarvermə çətinləşə və iş qabiliyyəti aşağı düşə bilər. Eyni zamanda, emosiyaları idarə etmək də çətinləşir. Buna görə də yuxusuz qalan insanlar daha əsəbi, səbirsiz və həssas ola bilirlər”.

Psixoloqun sözlərinə görə, uzunmüddətli yuxu pozuntusu narahatlıq pozğunluqları və depressiya riskini artıra bilər:

“Digər tərəfdən, artıq narahatlıq və depressiya yaşayan insanlarda da yuxu problemi daha da dərinləşə bilər. Yəni burada qarşılıqlı təsir mövcuddur: yuxu pozuntusu psixoloji problemləri gücləndirə, psixoloji problemlər isə yuxunu poza bilər. Nevroloji baxımdan da kifayət qədər yuxu almamaq diqqətin azalmasına, reaksiyanın ləngiməsinə və öyrənmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Bu, xüsusilə avtomobil idarə edənlər, tələbələr və yüksək diqqət tələb edən peşələrdə çalışan insanlar üçün risk yaradır”.

N. Orucov vurğulayıb ki, yuxu rejimini qorumaq üçün hər gün mümkün qədər eyni saatlarda yatıb oyanmaq, yatmazdan əvvəl telefon və digər ekranlardan istifadəni azaltmaq, axşam saatlarında çox kofein qəbul etməmək və yataq otağında sakit mühit yaratmaq faydalıdır:

“Əgər yuxu problemi bir neçə həftədən artıq davam edirsə, gündəlik həyat keyfiyyətini pozursa və ya insan gündüz saatlarında daimi yorğunluq, diqqət dağınıqlığı və əhval dəyişiklikləri yaşayırsa, bunu adi hal kimi qəbul etmək olmaz. Belə hallarda səbəbin müəyyənləşdirilməsi və uyğun dəstəyin göstərilməsi üçün mütəxəssisə müraciət etmək tövsiyə olunur. Yuxu sadəcə istirahət deyil, həm psixi, həm də fiziki sağlamlığın əsas dayaqlarından biridir”.

Sevinc Yarməmmədova


Bənzər xəbərlər