media-img-20260723-wa0096

Patrul.az xəbər verir ki, redaksiyamıza müraciət edən Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri ərazidə zibillərin günlərlə yığışdırılmaması və antisanitar vəziyyətin hökm sürməsi ilə bağlı videogörüntülər təqdim ediblər.

Videogörüntülərdən görünür ki, yaşayış kompleksinin müxtəlif hissələrində məişət tullantıları uzun müddət yığışdırılmayıb. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb və bu mənzərə sakinlərin ciddi narazılığına səbəb olub.

Lakin videonun ən ağır və insanı düşündürən hissəsi tamam başqadır.

Belə ki, bir neçə azyaşlı uşaq əllərində hazırladıqları kiçik plakatlarla AAAF Parkın rəhbəri Tofiq Heydərova müraciət edərək zibillərin yığışdırılmasını xahiş edir. Hətta onların müraciəti sanki xahişdən daha çox yalvarış təsiri bağışlayır.

Patrul.az olaraq bu mənzərədən dərin təəssüf hissi keçiririk.

Bu gözəl balalarımızı bu vəziyyətdə müraciət etməyə məcbur qoyan AAAF Parkın rəhbəri Tofiq Heydərov nə düşünür?

AAAF Park yaşayış kompleksində mənzillərin satılması üçün reklam çarxları hazırlanarkən sakinlərə məhz belə bir yaşayış vəd edilirdi?

Axı siz kimsiniz ki, bu millətin hələ həyatın çox həqiqətlərini tam anlamayan azyaşlı övladlarını zibil probleminə görə əllərinə plakat alıb sizə müraciət edəcək vəziyyətə gətirəsiniz?

Axı siz niyə üzərinizə düşən işi layiqincə yerinə yetirmirsiniz?

Mənzillərin satışından milyonlarla vəsait əldə etdikdən sonra həmin binalarda yaşayan insanlara normal xidmət göstərmək bu qədərmi çətindir?

Əgər bu iddialar doğrudursa, o zaman ortaya çox ciddi sual çıxır: sakinlər xidmət haqqını nəyə görə ödəyirlər?

Heç bir yaşayış kompleksində uşaqlar zibilin yığışdırılması üçün rəhbərliyə plakatla müraciət etmək məcburiyyətində qalmamalıdır.

Bu, təkcə kommunal xidmət problemi deyil, həm də cəmiyyət adına düşündürücü mənzərədir.

Patrul.az olaraq ümid edirik ki, aidiyyəti qurumlar sakinlərin müraciətini diqqətdə saxlayacaq, qaldırılan iddiaları araşdıracaq və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək.


Bənzər xəbərlər