media-inshot_20260723_192800697

Yay aylarında havanın temperaturu yüksəldikcə smartfonların həddindən artıq isinməsi də istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən birinə çevrilir. Xüsusilə günəş altında istifadə olunan və ya uzun müddət şarjda qalan telefonlar bəzən o qədər qızır ki, bəzi insanlar cihazı tez soyutmaq üçün onu soyuducuya, hətta dondurucuya qoymağa çalışırlar. Bəs bu üsul həqiqətən təhlükəsizdirmi, yoxsa telefona daha ciddi zərər vura bilər?

Bu mövzu ilə bağlı Patrul.az-ın sualını texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki,telefonu qızdıqda soyuducuya qoymaq və ya buzun üzərinə yerləşdirmək düzgün deyil, çünki bu, cihazın daxilində nəmlənmə yaradaraq elektron hissələrə zərər verə bilər:

“Telefon həddindən artıq qızdıqda onu soyuducuya qoymaq və ya buzun üzərinə yerləşdirmək doğru üsul deyil. İlk baxışdan elə görünə bilər ki, aşağı temperatur telefonu daha tez soyudacaq ancaq bu, cihaz üçün əlavə risk yarada bilər. Telefonlar müəyyən temperatur aralığında işləmək üçün hazırlanıb və onları qəfil çox soyuq mühitə salmaq istehsalçıların da tövsiyə etdiyi üsul deyil. Ən böyük risk telefonun daxilində nəmin yaranmasıdır. İsti cihaz birdən birə soyuq mühitə düşdükdə havadakı rütubət kondensasiya şəklində elektron hissələrin üzərinə çökə bilər. Bu proses dərhal hiss olunmasa da, zamanla daxildəki komponentlərə zərər verə, hətta cihazın sıradan çıxmasına səbəb ola bilər. Əslində telefonun qızması hər zaman nasazlıq əlaməti də deyil. Məsələn uzun müddət video çəkilişi etmək, yüksək qrafikalı oyun oynamaq, GPS-dən istifadə etmək və ya sürətli enerji yığmaq zamanı cihazın isinməsi normal hal hesab olunur. Problem o zaman yaranır ki, telefon adi istifadə zamanı da həddindən artıq qızmağa başlayır və ya performansı aşağı düşür”.

media-img-20260713-wa0062

Mütəxəssis tövsiyə edir ki, telefon qızdıqda onu istifadə etməyi dayandırıb sərin, kölgəli yerdə təbii şəkildə soyumağa qoymaq lazımdır:

“Ümumiyyətlə telefonda qızma halı olduqda istifadəçilər ilk növbədə telefonu bir neçə dəqiqə istifadə etməsinlər. Əgər enerji yığılırsa, şarj kabelini çıxarsınlar, qalın qoruyucu kabı varsa onu çıxarsınlar və cihazı kölgə, sərin, otaq temperaturunda olan bir yerdə saxlasınlar. Adətən telefon öz temperaturunu qısa müddətdə normal səviyyəyə qaytarır. Digər bir məqam isə yay aylarında telefonu avtomobildə, birbaşa günəş altında və ya qapalı məkanda uzun müddət saxlamaq batareyanın ömrünü əhəmiyyətli dərəcədə azalda bilər. Yüksək temperatur litium-ion batareyaların ən böyük düşmənlərindən biridir və bu təsir təkrarlanarsa, batareyanın tutumu getdikcə azalır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər