"Bu şəraitdə Kərbəlaya gedən azərbaycanlı zəvvarların həyatı da təhlükə altındadır" - ŞƏRH
İranla ABŞ arasında şiddətli müharibə davam edir. Tehran hökuməti ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirdiyi bir vaxtda, qarşı tərəf də İran və İraq ərazisinə hücumlar həyata keçirir. Bu gün isə ABŞ-nin İranla İraqı birləşdirən Şələmçə sərhəd-keçid məntəqəsinə endirdiyi zərbələr nəticəsində İraqın Kərbəla şəhərinə Ərbəin ziyarəti üçün növbədə gözləyən zəvvarlardan 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Buna baxmayaraq, zəvvarların İraqa keçidini təmin edən Şələmçə sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayandırılmayıb və keçid hazırda da davam edir. Bu isə təhlükəni, zəvvarların ölüm riskini daha da artırır.
Məlumdur ki, Azərbaycandan da vətəndaşlarımız tez-tez İran üzərindən Kərbəla şəhərinə ziyarətə gedirlər. Hər il İraqın Kərbəla şəhərində keçirilən Ərbəin yürüşünə qatılmaq üçün İrandan tranzit keçən azərbaycanlı zəvvarların sayı daha da yüksəlir. Son illərin göstəricilərinə görə, təxminən 7 691 nəfər Azərbaycan vətəndaşı İran ərazisindən keçərək oraya ziyarətə yollanıb.
Bəs İranda yaranmış bu gərgin şəraitdə azərbaycanlı zəvvarlar üçün də hər hansı təhlükə və ya risk mövcuddur?
Bununla bağlı Patrul.az-a politoloq Azad Məsiyev öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, hərbi əməliyyatların aparıldığı ərazilərdə milliyyətindən asılı olmayaraq hər kəs təhlükə altındadır:
“ABŞ-nin İranda apardığı hərbi əməliyyat insanlıq əleyhinə bir cinayətdir. Çünki orada həm mülki obyektlərin, həm də dini inanc mərkəzlərinin vurulması İslam aləmində, xüsusilə də şiə məzhəbinə mənsub dövlətlərə böyük təsir edir. Ümumilikdə, Amerika İranın bütün ərazisindəki bütün obyektləri vurmağı planlaşdırır. Onların məqsədi isə bu yollarla İranı zəiflədərək özlərinə uyğun hakimiyyət qurmaqdır.
Kərbəla ətrafında aparılan əməliyyatlar insanlıq əleyhinədir. Çünki bura müsəlmanların əsas ibadət etdikləri yerdir, şiə məzhəbinə mənsub insanların buraya xüsusi ehtiramı var. Buna görə də bura “müqəddəs şəhər” statusuna malikdir. Vaşinqton hökumətinin apardığı bu cür əməliyyat təkcə İrana qarşı deyil, ümumilikdə İslam aləminə qarşı aparılan əməliyyatdır. Bu, inanc məsələsində çox həssas məqamlara toxunur”.
Dini mərkəzlərin olduğu şəhərlərin hədəfə alınmasını pisləyən həmsöhbətimiz müharibənin tez bir zamanda diplomatik yolla həllinin vacibliyini vurğulayıb:
“Təbiidir ki, raketlərdən atəş açılırsa, bilinmir ki, hansı ölkənin vətəndaşı zərər görəcək. İstər azərbaycanlı, istərsə də digər ölkələrin zəvvarları olsun, hansı şəhərdə hərbi əməliyyat keçirilirsə, orada olan hər kəs üçün təhlükə var. Bu baxımdan ABŞ-nin Kərbəla ətrafında apardığı əməliyyat nə müharibə qanunlarına, nə insan haqlarına, nə də dini baxımdan uyğundur. Ona görə də ölkəmizdə dini etiqadı olan insanlar bu məsələdə həssasdırlar. Bu baxımdan ölkəmizdən Kərbəlaya, hücuma məruz qalan digər yerlərə gedən zəvvarlarımızın, eləcə də orada yaşayan insanların həyatı təhlükə altındadır. Ümumilikdə, dini mərkəzlərə qarşı aparılan bu cür əməliyyatlar bəşəriyyət üçün ağır hərbi cinayətdir. Hesab edirəm ki, Kərbəla ətrafında aparılan əməliyyatlar dərhal dayandırılmalıdır. Ümumiyyətlə, İran ətrafında baş verən məsələlər dinc və diplomatik yolla aradan qaldırılsaydı, daha təhlükəsiz və münasib olardı. Amma ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişməkdir”.
Gülbəniz Səfərova






