Ağ Şəhərdə əlillər üçün ayrılmış parklanma yerləri ilə bağlı tədbir görüldü - VİDEO
Patrul.az redaksiyasına videomüraciət ünvanlayan vətəndaş Bakı şəhərinin Ağ Şəhər Bulvarı ərazisində yerləşən parklanma yerləri ilə bağlı narazılığını ifadə etmişdi.
Şikayətçinin sözlərinə görə, ərazidə fiziki məhdudiyyətli şəxslərin istifadəsi üçün ayrılmış xüsusi parklanma yerlərindən təyinatına uyğun istifadə olunmur. Belə ki, həmin yerlərdə əlilliyi olan şəxslərə məxsus nəqliyyat vasitələri əvəzinə digər sürücülərin avtomobilləri park edilirdi.
Məsələ Patrul.az tərəfindən ictimailəşdirildikdən sonra “AzParking” tərəfindən ərazidə monitorinq tədbirləri həyata keçirilib.
“AzParking”dən Patrul.az-a verilən məlumatda deyilir:
“AzParking” tərəfindən Bakı Ağ Şəhər Bulvarı ərazisində parklanma qaydalarına riayət olunması məqsədilə monitorinq tədbirləri həyata keçirilib.
Əraziyə baxış zamanı xüsusi ehtiyaclı vətəndaşlarımızın rahatlığı və əlçatanlığı üçün ayrılmış küçə parklanma yerlərinin əlillik tanıma nişanı olmayan digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkar olunub.
“AzParking” bir daha sürücülərin diqqətinə çatdırır ki, xüsusi nişanlanma xətləri ilə işarələnmiş bu yerlər yalnız əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulub.
XƏBƏRDARLIQ: Müvafiq tanıma nişanı olmadan bu yerlərdə parklanma edən digər avtomobil sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və barələrində cərimə tədbirləri tətbiq oluna bilər.
Qeyd edək ki, əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerlərinin digər sürücülər tərəfindən zəbt edilməsi həm xüsusi ehtiyaclı vətəndaşların hərəkət imkanlarını məhdudlaşdırır, həm də qanunvericiliyin tələblərinə zidd hesab olunur.
Patrul.az vətəndaş müraciətlərini diqqətdə saxlamaqda davam edir.







