Ağıllı saat həkimi əvəz edə bilərmi? - Mütəxəssis AÇIQLADI
Son illər ağıllı saatlar və fitnes biləklikləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu cihazlar istifadəçilərə ürək ritmi, yuxu keyfiyyəti, fiziki aktivlik səviyyəsi və hətta qan təzyiqi ilə bağlı müxtəlif göstəriciləri real vaxtda izləmək imkanı yaradır. Xüsusilə sağlam həyat tərzinə marağın artması fonunda wearable texnologiyalar bir çox insan üçün həm motivasiyaedici vasitə, həm də ilkin sağlamlıq nəzarət aləti kimi qəbul olunur.
Bəs bu cihazların təqdim etdiyi göstəricilər nə dərəcədə dəqiqdir və onların ölçmələrinə tibbi qərar vermək üçün etibar etmək olarmı? Ağıllı saat və fitnes biləkliklərinin nəticələri klassik tibbi cihazlar, xüsusən də ənənəvi qan təzyiqi aparatları ilə müqayisədə nə qədər etibarlı hesab olunur?
Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, ağıllı saat və fitnes biləklikləri həkimi əvəz etmir, onlar sensor və alqoritmlər vasitəsilə sağlamlıq göstəricilərini ümumi şəkildə izləyib mümkün dəyişikliklər barədə siqnal verən köməkçi vasitələrdir:
“Ağıllı saatlar və fitnes biləklikləri çox faydalı cihazlardır, amma onların işi həkimi əvəz etmək deyil bu tip cihazlar işi bədəni izləyib siqnal verməkdir. Bu cihazlar ölçməni çox vaxt birbaşa tibbi yolla vermir, sensorların oxuduğu məlumatı alqoritmlə şərh edərək edir. Ürək ritmi məsələsində wearables adətən daha etibarlıdır, çünki qolun üstündəki optik sensorlar qan axınındakı dəyişimi oxuyur və nəbzi hesablayır. Sakit oturanda, normal gündəlik şəraitdə nəticələr çox vaxt düzgün çıxır. Amma iş idmana, qaçmağa, tərləməyə, qolun hərəkətinə gələndə dəqiqlik pozula bilir. Saat bir az boş taxılıbsa, dəri-strap arasında boşluq varsa, tatuaj və ya dəri rəngi, hətta işıqlandırma kimi xırda şeylər belə oxunuşa təsir edir. Yəni nəbz birdən 160 oldu deyəndə hər dəfə panikaya düşmək lazım deyil bəzən sadəcə sensor düzgün oxumaya bilər. Yuxu ölçümündə isə bu cihazlar daha çox yuxunu ölçürəm yox, yuxu ehtimalını hesablayıram prinsipi ilə işləyir. Siz hərəkətsiz qalırsınızsa və nəbziniz düşürsə, cihaz bunu yuxu kimi qəbul edir, sonra da həmin dəyişikliklərə görə yüngül dərin yuxu kimi mərhələlər təxmin edir. Bu, gündəlik vərdişləri izləmək üçün ideal vasitədir. Xüsusəndə gec yatmısınızsa, yuxu parçalanıbsa, bədən tam dincəlməyibsə görə bilirsiniz”.

Texnoloqun sözlərinə görə, qan təzyiqi məsələsində ağıllı saatların ölçmələri xəbərdarlıq xarakteri daşıyır, dəqiq diaqnoz və qərar üçün isə klassik təzyiq aparatı daha etibarlı hesab olunur:
“Ən həssas məsələ isə təzyiqdir. Klassik təzyiq aparatı birbaşa fiziki ölçmə edir. Yəni manjet damar üzərində təzyiqi ölçür və nəticəni verir. Ağıllı saatlarda fərqlidir. Ona görə də saatın göstərdiyi təzyiq rəqəmi məndə təzyiq problemi var ya yoxdur qərarı üçün təkbaşına etibarlı baza sayılmamalıdır. Bu cihazlar təzyiqdə dəyişiklik ola biləcəyini hiss etdirən bir xəbərdarlıq rolunu oynaya bilər, amma dəqiq təsdiq üçün yenə klassik aparat daha güvəniləndir”.
Cəmilə Cəfərzadə






