Aİ lideri: "Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixdir"
“Prezident İlham Əliyevə videokonfrans vasitəsilə bizimlə birlikdə olduğu üçün təşəkkür edirəm”.
Patrul.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü yüksək qiymətləndirib:
“Bu, tarixi bir hadisədir. Çünki bugünkü Zirvə Görüşü Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşma sayəsində mümkün olub. Bu razılaşma eskalasiya və müharibənin hakim olduğu bir dünyada qeyd edilməli olan Avropada sülh hekayəsidir”.
O, Azərbaycanla münasibətlərin normallaşmasından sonra Ermənistanın Türkiyə ilə əlaqələrinin də yaxşılaşmasına müsbət yanaşıb:
“Bu razılaşma və Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması sayəsində region transformativ bir yola qədəm qoyub. Bir-biri ilə əlaqəli strateji sənaye sahələri, bazarlar, nəqliyyat dəhlizləri, rəqəmsal şəbəkələr və enerji əlaqələri – bunlar malların, məlumatların, elektrik enerjisinin və insanların daşınmasından daha çox şey edir. Onlar etimad qurur, iş yerləri yaradır və praktik əməkdaşlıq və ortaq böyümə yolu ilə qonşuları birləşdirir. Avropa İttifaqı isə bu vizyonu gerçəkləşdirməkdə etibarlı tərəfdaş olmağa hazırdır”, – deyə Aİ lideri əlavə edib.
Gülbəniz Səfərova






