Akademiya həyətində qanunsuz parklama: AMEA-nın əməkdaşı ictimai qaydanı pozur - VİDEO
Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində piyadalar üçün nəzərdə tutulan yolda avtomobilin qanunsuz park edilməsi ictimai narazılığa səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, 77-GH-588 dövlət nömrə nişanlı “Çangan” markalı avtomobilin sürücüsü piyadaların hərəkət zolağını mütəmadi olaraq zəbt edir. Bildirilir ki, AMEA-nın həyətində park kimi istifadə olunan bu ərazi sakinlərin istirahət və gəzinti məkanı olsa da, sürücü ictimai qaydalara məhəl qoymadan avtomobilini məhz piyadalar üçün nəzərdə tutulmuş yolda saxlayır.
Şikayətçi vətəndaşlardan biri bildirib ki, bu hal artıq adətə çevrilib. Bu barədə hətta mühafizəçilər də sürücüyə xəbərdarlıqlar etmiş, lakin vəziyyət eyni olaraq davam edir:
“Bura piyada yoludur. Sürücü hər dəfə avtomobilini burada saxlayır. Dəfələrlə iradımızı bildirsək də, heç bir nəticəsi olmayıb”.
Redaksiyamıza təqdim olunan görüntülərdə avtomobilin səki üzərində park edildiyi açıq şəkildə görünür. Kadrlarda vətəndaşlardan birinin yolun daralması səbəbindən çətinliklə hərəkət etdiyi də əks olunub.
Məlumata görə, sürücünün avtomobilini həmin ərazidə park etməsinə səbəb oranın kölgəlikdə yerləşməsidir.
Qeyd edək ki, adıçəkilən nəqliyyat vasitəsinin sürücüsünün qadın olduğu və Azərbaycan Milli Elmlər Akademiyasında çalışdığı bildirilir.
Gülbəniz Səfərova