media-inshot_20260225_164211998

Marketlərdə və ya manatlıq piştaxtalarda rəsm əsəri kimi parlayan almaların arxasında böyük bir kimyəvi sirr gizlənir.

Patrul.az-ın araşdırmasına görə, meyvələrin bu qədər “göstərişli” görünməsi onların təbii vəziyyəti ilə deyil, üzərinə çəkilən xüsusi kimyəvi qatla bağlıdır.

Təbii alma ağacdan dərildikdən sonra nəfəs almağa davam edir, tərkibindəki rütubəti tədricən itirir və büzüşməyə başlayır. İstehsalçılar bu prosesi ləngitmək və almanı aylarla “təzə” və parlaq saxlamaq üçün onun üzərini qida mumu (waxing) ilə örtürlər.

Bu maddələr nədir?

Meyvələrin üzərinə çəkilən örtük əsasən aşağıdakı maddələrdən ibarət olur:

Şellak – müəyyən növ həşəratların ifrazatından əldə edilən yapışqan maddə.

Karnauba mumu – Braziliya palmasından alınan bitki mənşəli mum.

Sintetik polimerlər – neft törəmələrindən hazırlanan bəzi kimyəvi örtüklər.

Bu mum təbəqəsi meyvənin məsamələrini bağlayır və onun üzərində qalan pestisidləri (kənd təsərrüfatı dərmanlarını) qabıqda “həbs edir”. Adi soyuq su ilə yuyarkən bu örtük təmizlənmir. Əksinə, həmin kimyəvi maddələr meyvə ilə birlikdə qəbul edilir.

Mütəmadi olaraq bu cür kimyəvi örtüklü meyvələri qabığı ilə yemək aşağıdakı fəsadlara səbəb ola bilər:

Həzm problemləri – Bu mumlar süni maddələr olduğu üçün bağırsaqlar tərəfindən tam həzm edilmir və həzm sisteminə əlavə yük yaradır.

Allergik reaksiyalar – Xüsusilə uşaqlarda dəri səpkiləri, qaşınma və nəfəs darlığı yarada bilər.

Qaraciyərin yüklənməsi – Orqanizm bu yad maddələri zərərsizləşdirmək üçün daha çox enerji sərf edir.

Almada mum olduğunu necə bilək?

Bıçağın ucu ilə almanın qabığını yüngülcə qaşıyın. Əgər ağ rəngli, kəpəyə bənzər toz əmələ gəlirsə, deməli, meyvə mumlanıb.

Necə təmizləməli?

Meyvəni sirkəli və limonlu ilıq suda bir neçə dəqiqə saxlayın, sonra xüsusi fırça ilə sürtərək yaxşıca yuyun. Ən təhlükəsiz üsul isə şübhə doğuran meyvələrin qabığını tamamilə soyaraq yeməkdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər