Amerikada yaşayan bacı-qardaşdan beynəlxalq uğur: 16 yaşlı azərbaycanlının ABŞ-də yazdığı məqalə təsdiqləndi
16 yaşlı azərbaycanlı ABŞ-nin Luizana Dövlət Universitetində olan araşdırma qrupu ilə 1 il 6 ay müddətində həmmüəllifi olduğu məqalə təsdiqlənib.
Patrulaz.az xəbər verir ki, bacı və qardaş olan Həsən Abbas və Aişə Abbasova ABŞ-də elm, texnologiya və liderlik sahəsində fərqləniblər.
Amerikada yaşayan azərbaycanlı bacı-qardaş – Həsən Abbas və Aişə Abbasova, gənc yaşlarına baxmayaraq elm, texnologiya və liderlik sahəsində qazandıqları uğurlarla həm yaşadıqları cəmiyyəti, həm də doğma vətənlərini qürurlandırıblar.
Həsən Abbas, cəmi 16 yaşında olmasına baxmayaraq, Louisiana Dövlət Universitetində (LSU) yerləşən kibertəhlükəsizlik üzrə tədqiqat qrupunda 1 il 6 ay fəaliyyət göstərib və elmi məqalənin həmmüəllifi olub. Bu uğur onu ABŞ-də ən gənc elmi tədqiqatçılardan birinə çevirib.
Eyni zamanda o və bacısı Aişə məktəblərində Robotika Klubunun qurucuları olublar və bu sahədə marağı olan şagirdləri bir araya gətiriblər. Onlar komandaları ilə birlikdə VEX Robotics yarışlarında iştirak edərək region üzrə birinci yer, daha sonra isə Louisiana ştatı üzrə “Sportsmanship Award” qazanıblar. Bunun nəticəsində dünyanın ən böyük robotika yarışması olan VEX Robotics World Championship-ə vəsiqə qazanaraq beynəlxalq səviyyədə iştirak ediblər.
Aişə Abbasova isə STEM sahəsində qazandığı uğurlarla seçilir. O, komandası ilə birlikdə “4th Annual STEM Challenge” yarışmasında iştirak edərək Woodlawn High School-un yeganə seçilmiş məktəb kimi East Baton Rouge Parish Professional Development Center-də təmsil olunmasına nail olub. Komanda burada fracking (hidravlik çatlatma) prosesini simulyasiya edən yaradıcı Rube Goldberg maşını nümayiş etdirib.
Bu qurğu təbiətdə təbii qazın torpaqdan çıxarılmasını müşahidə və araşdırma məqsədilə hazırlanmış model kimi fəaliyyət göstərir. Layihə həmçinin davamlılıq və ətraf mühitə məsuliyyət mövzularını ön plana çəkib və gənc zəkaların elmi düşüncə tərzini nümayiş etdirib.
Aişə bu uğurla yanaşı, STEM Challenge müsabiqəsində Louisiana ştatı üzrə birincilik də qazanıb və qadınların elm və texnologiyada təmsilçiliyinə güclü töhfə verib.
Hər iki gənc Həsən Abbas və Aişə Abbasova, akademik nailiyyətləri, liderlik bacarıqları və cəmiyyətə verdikləri töhfələrə görə National Honor Society (NHS)-ə qəbul ediliblər.
Həsən Abbas Patrulaz.az-a açıqlamasında əldə etdiyi uğurla bağlı fikirlərini belə bölüşüb:
“Demək olar bir il davam edən tədqiqat nəticəsində Louisiana Dövlət Universitetinin (LSU) SySec Laboratoriyası ilə birgə hazırladığımız süni intellekt əsaslı təhlükəsizlik platformasını uğurla tamamladıq. Layihənin demo videosu və elmi məqaləsi tezliklə təqdim olunacaq. Kod bazasını isə məqalə nəşr olunduqdan sonra ictimaiyyətə açıq paylaşmağı planlaşdırırıq. Bu müddət ərzində dəstəyini əsirgəməyən Dr. Lamine, Prof. Aisha Ali Gombe və LSU SySec Lab komandasına dərin təşəkkürümü bildirirəm”.
“Avtonom Süni İntellektlə İdarə Olunan Zərərli Kodların (De)Obfuskasiyası və Veb Məlumat Toplama Mühərriki” adlı layihənin mahiyyəti barədə danışan Həsən Abbas bildirib ki, bu platforma canlı veb resursları fasiləsiz şəkildə izləyən, süni intellektlə yönləndirilən və zərərli proqram təminatlarında istifadə olunan (de)obfuskasiya texnikalarını semantik analizlə çıxaran tam avtonom bir sistemdir. Onun sözlərinə görə, sistem eyni zamanda toplanmış məlumatları strukturlaşdıraraq tədqiqatçılar və kibertəhlükəsizlik analitiklərinin istifadəsi üçün istifadəyə hazır formaya gətirir:
“Bu, modulyar və istehsalata tam hazır bir mühərrikdir. Ən önəmlisi isə odur ki, istifadəçi dostu qrafik interfeysə malikdir və işləmək üçün terminal və ya kodlaşdırma biliklərinə ehtiyac yoxdur. Bu da onu həm peşəkarlar, həm də tələbələr üçün əlçatan edir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda onlar gənc startupçılar – young entrepreneurs kimi yeni texnoloji və sosial layihələr üzərində çalışır, gələcəkdə daha böyük uğurlar hədəfləyirlər.

Gülbəniz Səfərova






