"Analar da aliment ödəyə bilər" - Bu hansı hallarda baş verir?
Azərbaycan ailə qanunvericiliyinə görə, aliment öhdəliyi adətən uşağın valideynləri arasında bölüşdürülür və daha çox uşaqla birgə yaşamayan valideyn tərəfindən ödənilir. Lakin bəzi hallarda uşağın maraqlarının qorunması məqsədilə alimentin ana tərəfindən ödənilməsi də mümkündür. Bu, cəmiyyət üçün bəzən qeyri-adi görünsə də, qanunvericilik hər iki valideynin övlad qarşısında bərabər məsuliyyət daşıdığını nəzərdə tutur.
Bəs alimentin ana tərəfindən ödənilməsi hansı hallarda mümkün sayılır?
Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, uşaq atanın yanında yaşadığı və ana onun maddi təminatında iştirak etmədiyi halda, ata məhkəməyə müraciət edərək anadan aliment tələb edə bilər:
“Cəmiyyətdə geniş yayılmış yanlış düşüncələrdən biri aliment öhdəliyinin yalnız ataların üzərinə düşməsidir. Lakin Azərbaycan Respublikasının ailə qanunvericiliyi bu məsələdə valideynlər arasında tam bərabərlik prinsipinə əsaslanır. Ailə Məcəlləsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu bərabərlik həm uşağın tərbiyəsini, həm də onun maddi təminatını (saxlanılmasını) ehtiva edir.
Qanunvericilik birbaşa olaraq valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu müəyyən edir. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edə bilərlər. Əgər valideynlər uşaqlarını saxlamırlarsa, bu vəsait (aliment) valideynlərdən (yəni həm atadan, həm də anadan) məhkəmə qaydasında tutulur. Bu o deməkdir ki, uşaq atanın yanında qaldığı və ana onun saxlanmasında iştirak etmədiyi təqdirdə, ata məhkəməyə müraciət edərək anadan aliment tələb edə bilər”.

R. Əzimzadə bildirdi ki, valideynlər arasında razılaşma olmadıqda məhkəmə uşağın anasından da aliment tələb edə bilər, hətta onun gəliri olmasa və ya valideynlik hüquqlarından məhrum edilsə belə aliment öhdəliyi müəyyən edilə bilər:
“Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay müəyyən pay miqdarında aliment tutulur. Məsələn, bir uşağa görə qazancın və ya digər gəlirlərin dörddə bir hissəsi miqdarında ödəniş nəzərdə tutulur. Əgər ananın qazancı qeyri-müntəzəmdirsə və ya gəliri yoxdursa, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq alimentin miqdarını sabit pul məbləğində də müəyyən edə bilər.
Ananın aliment ödəməli olduğu mühüm hallardan biri də valideynlik hüquqlarından məhrum edilmə ilə bağlıdır. Qanuna əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işinə baxarkən eyni zamanda valideyndən uşağa aliment tutulması məsələsini də həll edir. Bu qayda valideynlik hüquqlarının məhdudlaşdırıldığı hallara da şamil olunur”.
Hüquqşünasın sözlərinə görə, ananın aliment öhdəliyi bəzi hallarda 18 yaşdan sonra da davam edə bilər:
“Ananın aliment öhdəliyi yalnız uşaq 18 yaşına çatana qədər davam etməyə bilər. Belə ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını da saxlamağa borcludurlar. Bundan əlavə, uşaq ağır xəstəlik və ya əlillik səbəbindən əlavə qayğıya ehtiyac duyarsa, valideynlərdən hər biri (o cümədən ana) məhkəmə tərəfindən uşağa görə əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
Nəticə olaraq göründüyü kimi, aliment öhdəliyi cinsiyyətə deyil, uşağın kimin himayəsində olmasına və valideynin öz vəzifələrini yerinə yetirib-yetirməməsinə əsaslanır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların xoşbəxt həyatının təmin edilməsi və maraqlarının müdafiəsi üçün hər iki valideynin maddi məsuliyyət daşımasını tələb edir”.
Cəmilə Cəfərzadə






