media-inshot_20260107_123009994

Bəzən deyirlər ki, qrip olanda antibiotik qəbul etmək xəstəliyi sağaldır.

Bəs bu nə qədər doğrudur? Həqiqətən də antibiotiklər qripi sağaldırmı?

Patrul.az-ın araşdırmasına görə, qrip virus mənşəli xəstəlikdir, antibiotiklər isə yalnız bakteriyalara qarşı təsir göstərir. Yəni qrip virusu orqanizmə düşdükdə antibiotik qəbul etmək nə xəstəliyin müddətini qısaldır, nə də sağalmanı sürətləndirir. Əksinə, səbəbsiz antibiotik istifadəsi orqanizmə zərər verə bilər.

Mütəxəssislər bildirirlər ki, antibiotiklər yalnız qripin fonunda bakterial ağırlaşma yaranarsa təyin oluna bilər. Məsələn, qripdən sonra pnevmoniya, qulaq iltihabı, sinusit və ya boğazın bakterial infeksiyası inkişaf edərsə, həkim müayinəsindən sonra antibiotik istifadəsi zəruri ola bilər. Bu halda antibiotik qripi yox, onun yaratdığı bakterial fəsadı müalicə edir.

Antibiotiklərin nəzarətsiz istifadəsi isə bir sıra ciddi problemlərə yol açır. Ən təhlükəlisi bakteriyaların antibiotiklərə qarşı davamlılıq qazanmasıdır. Bu, gələcəkdə adi infeksiyaların belə müalicəsini çətinləşdirə bilər. Bundan əlavə, antibiotiklər bağırsaq florasını pozur, immun sistemini zəiflədir, allergik reaksiyalar və mədə-bağırsaq problemləri yarada bilər.

Qrip zamanı əsas müalicə istirahət, bol maye qəbulu, hərarətsalıcı və simptomatik dərmanlar, eləcə də həkimin tövsiyə etdiyi antiviral preparatlardan ibarət olur. Ən effektiv qorunma yolu isə vaxtında peyvəndlənmədir.

Antibiotiklər qripi müalicə etmir və həkim məsləhəti olmadan qəbul edilməsi düzgün deyil. Qripi “tez keçsin” deyə antibiotik içmək bəzən xəstəliyi yüngülləşdirmək yox, daha da ağırlaşdırmaq deməkdir.

Ləman Sərraf


Bənzər xəbərlər