"Aprel döyüşləri Qarabağ münaqişəsinin gedişində çox mühüm dönüş nöqtəsi oldu" - Vasif Qafarov
Azərbaycanın müasir tarixinin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən 10 il ötür. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.
Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Patrul.az-a Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatının tarixi əhəmiyyəti barədə şərh edib:
“2016-cı ilin Aprel döyüşləri Qarabağ münaqişəsinin gedişində çox mühüm dönüş nöqtəsi oldu. Aprel döyüşlərinə gətirib çıxaran əsas amillərdən biri 1994-cü il atəşkəsindən sonra formalaşmış və uzun müddət dəyişməyən status-kvo idi. İşğal altındakı ərazilərin azad olunmaması və danışıqların nəticəsiz qalması regionda gərginliyi davamlı şəkildə artırırdı. Eyni zamanda, təmas xəttində Ermənistan silahlı qüvvələrinin tez-tez atəşkəsi pozması, ağır silahlardan istifadə etməsi və mülki əraziləri atəşə tutması vəziyyəti daha da kəskinləşdirirdi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların dalana dirənməsi və real nəticə verməməsi də hərbi eskalasiya riskini artıran mühüm faktor idi. Bununla yanaşı, Azərbaycan Ordusunun son illərdə güclənməsi və texnoloji üstünlüyünün artması regiondakı hərbi balansı dəyişmişdi.
2016-cı ilin aprelində Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu qısa müddətdə effektiv əks-həmlə əməliyyatı həyata keçirdi, strateji yüksəklikləri və mövqeləri, xüsusilə Lələtəpə yüksəkliyini azad etdi və qarşı tərəfin canlı qüvvə və texnikasına ciddi zərbə vurdu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu artıq yalnız müdafiə ilə kifayətlənmir, eyni zamanda uğurlu hücum əməliyyatları aparmaq qabiliyyətinə malikdir”.
Tarixçinin sözlərinə görə, Aprel döyüşləri nəticəsində uzun illər dəyişməz qalan cəbhə xəttində real dəyişiklik baş verdi:
“Bu, mövcud status-kvonun sarsıldığını nümayiş etdirdi. Hadisələr Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı və ordunun gücünə inamı daha da möhkəmləndirdi. Eyni zamanda, beynəlxalq ictimaiyyətə münaqişənin “dondurulmuş” olmadığı və istənilən an yenidən alovlana biləcəyi mesajı verildi. Bu döyüşlər həm də gələcək proseslər üçün, xüsusilə 2020-ci il Vətən müharibəsi baxımından bir növ hərbi-siyasi sınaq rolunu oynadı.
Nəticə etibarilə, Aprel döyüşləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iradəsini və ordusunun artan gücünü açıq şəkildə nümayiş etdirən, sonrakı hadisələrin inkişafına ciddi təsir göstərən mühüm mərhələ kimi tarixə düşdü”.
Ləman Sərraf






