media-d505d0b4-91c8-4686-a753-9f56a02f67d5

Redaksiyamıza müraciət edən vətəndaş “Aral Group” tikinti şirkətində çalışdığı dövrdə əmək hüquqlarının kobud şəkildə pozulduğunu iddia edir.

Vətəndaşın bildirdiyinə görə, o, 5 avqust 2024-cü ildən 17 iyun 2025-ci ilədək “Aral Group” şirkətinin Sumqayıt Bağçaşəhər – ikinci mərhələ layihəsində mühasib köməkçisi vəzifəsində fəaliyyət göstərib. Rəsmi əmək müqaviləsində iş saatları 09:00-dan 18:00-a kimi göstərilsə də, o və digər əməkdaşlar faktiki olaraq 08:00-dan etibarən işə başlayırmışlar. Üstəlik, həftənin altıncı günü – şənbə günü də qeyri-rəsmi şəkildə məcburi iş günü kimi qəbul edilirmiş.

İddialara görə, bu rejim şirkətdə geniş yayılmış praktika halını alıb və işçilər əlavə iş saatlarına görə heç bir ödəniş almadan işləməyə məcbur edilirmiş. Uzunmüddətli bayram və istirahət günlərində isə əməkdaşlara yalnız bir-iki gün icazə verildiyi qeyd olunur.

Vətəndaş bildirib ki, 10 aylıq iş dövrü ərzində yığılan artıq iş saatları və istifadə olunmamış məzuniyyət günlərinə görə şirkət ona 3623 manat məbləğində ödəniş etməli idi. Lakin kadrlar şöbəsinin rəhbəri Əhliman Hüseynov bu məbləği ödəməkdən imtina edib və onun sözlərinə görə, “ürəyin hara istəyir, ora şikayət et” deyərək məsuliyyətdən yayınıb.

Həmin şəxs əlavə edib ki, əmək müqaviləsində 450 manat əməkhaqqı göstərilsə də, faktiki olaraq 600 manat maaş alıb. Aradakı 150 manatlıq fərq nağd şəkildə verilib, bu isə potensial vergidən yayınma halı kimi qiymətləndirilə bilər.

O qeyd edib ki, şirkətin baş ofisində qaydalar nisbətən qorunur, lakin regionlarda yerləşən layihələrdə özbaşınalıq halları geniş yayılıb. Hazırda həmin vətəndaş Əmək Müfəttişliyinə rəsmi şəkildə şikayət etdiyini bildirir və hüquqlarının bərpası üçün mübarizəsini davam etdirmək niyyətindədir.

Patrulaz.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Bənzər xəbərlər